Yuxarı

XİN: "Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh və sabitlik bərqərar ola bilər"

Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi bu il iyulun 5-9-da ATƏT Parlament Assambleyasının 24-cü illik sessiyası çərçivəsində qəbul edilmiş Helsinki bəyannaməsi və qətnamələri adlı sənədə münasibət bildirib. Bu barədə nazirlikdən "Report"a məlumat verilib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktının rəhbər prinsipləri və ümumi dəyərlərinə sadiqlik ruhunda keçirilmiş bu iclasın yekun sənədlərində ATƏT Parlament Assambleyasında təmsil olunan Azərbaycan millət vəkillərinin Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirdikləri səyləri və ardıcıl fəaliyyəti nəticəsində ölkənin maraqlarına cavab verən fundamental məqamlar öz əksini tapıb.

"Bu xüsusda, Helsinki Bəyanatının 4-cü bəndində BMT Nizamnaməsi və Helsinki Yekun Aktına tam şəkildə hörmət edərək, güc tətbiq edərək hədələmək və ya güc tətbiq etməkdən çəkinərək və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, ATƏT məkanında həlli uzadılmış münaqişələrin həlli üçün səylərin artırılmasına olan ehtiyac vurğulanır.

38-ci bənddə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquqa uyğun olaraq, razılaşdırılmış çərçivədə ATƏT məkanında olan həlli uzadılmış münaqişələrin həllinin təşkilat üçün prioritet olduğu bir daha vurğulanır".

O deyib ki, Azərbaycan nümayəndə heyətinin müəllifi olduğu “ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamədə Helsinki Yekun Aktının prinsiplərinin əsl mahiyyətinin təhrif olunması cəhdlərinə münasibətdə ciddi narahatlıq ifadə olunur və dövlətlərin bu prinsiplərə öhdəliyinin vacibliyi xüsusilə vurğulanır:

"Qətnamədə Helsinki Dekaloqunda olan prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğu və onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd olunaraq, bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməli olduğu kimi öhdəliyinin olduğu qeyd olunur.

Bunun ardınca dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Eyni zamanda dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi bir daha nəzərə çatdırılır.

Vacib məqamlardan biri də ondan ibarətdir ki, qətnamədə xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyinetmə məsələsinə də aydınlıq gətirilir. Qətnamənin 13-cü maddəsində yazılır: “.. (ATƏT Parlamenti) BMT Nizamnaməsi və beynəlxalq hüququn müvafiq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə xalqların bərabər hüququ və öz müqəddəratını təyin etmə hüququnu təsdiq edir. Amma bu xüsusda vurğulayır ki, bu hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz”.

Qətnamədə münaqişə nəticəsində didərgin düşmüş Azərbaycan əhalisinin təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıtmaq kimi ayrılmaz hüququ bir daha təsbit olunur. Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması hallarına diqqəti çəkən qətnamədə eləcə də dövlətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayət və beynəlxalq humanitar hüququn ciddi pozuntularını törətmiş şəxslərin istintaqa cəlb olunması və məhkum olunmasına və cəzasızlığa son qoyulmasına dair öhdəliklərini yerinə yetirməsinin vacibliyi vurğulanır".

Hikmət Hacıyev həmçinin vurğulayıb ki, “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər” adlı qətnamədə beynəlxalq humanitar hüquq əsnasında dövlətlərin öhdəliyi və məsuliyyəti qeyd olunur:

"Nəzərə almaq lazımdır ki, ölkəmizin maraqlarına cavab bu fundamental məqamlar və haqqında bəhs olunan qətnamə Ermənistan nümayəndə heyətinin uğursuz cəhdlərinə baxmayaraq, ATƏT Parlament Assambleyasında təmsil olunan nümayəndələrin mütləq əksəriyyətin dəstəyi nəticəsində öz təsbitini tapıb. Ermənistan bir daha özünün təcrid olunmuş vəziyyətdə olduğunu nümayiş etdirib.

Ermənistan tərəfi anlamalıdır ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bu prinsiplərdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti bilavasitə Ermənistanın üzərinə düşür. Hərbi güc tətbiq edərək, Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq, hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu eləcə də regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir və qeyri-sabitliyin mənbəyidir.

Xalqların bərabərhüquqluluğu və öz müqəddaratını təyinetmə hüququ ərazi bütövlüyünə zidd şəkildə ifadə edilməli olmadığı halda, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğalını, o cümlədən ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiq etmə və ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətləri ört-basdır etmək məqsədilə bu prinsiplər təhrif edilir.

Mahiyyət etibarilə beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəti mövqeyinin ifadəsi olan və baxılması üçün ATƏT-in üzv dövlətlərinin Nazirlər Şurasına təqdim olunan bu fundamental məqamlar mandatına uyğun olaraq, Helsinki Yekun Aktına əsaslanmalı olan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rəhbər prinsiplər kimi nəzərə alınmalı və onların icrası Ermənistandan tələb edilməlidir.

Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü aradan qaldırıldıqdan və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh və sabitlik bərqərar ola bilər".       

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi