Yuxarı

XİN: Ermənistan “Böyük sülh sazişi” ilə bağlı təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir

XİN: Ermənistan sazişlə bağlı təşəbbüsü nəzərdən keçirməlidir

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr tarixli birgə bəyanatını AzərTAc-a müsahibəsində şərh edib.

"Report" həmin müsahibəni təqdim edir:

- ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr tarixli birgə bəyanatını necə şərh edərdiniz?

- ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən dövlət başçıları və digər səviyyələrdə verilmiş bəyanatlarda daim vurğulanıb ki, mövcud status-kvo qəbuledilməzdir. Mövcud status-kvo Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyətdir. Beləliklə, mövcud status-kvo Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə dəyişdirilə bilər.

Hərbi helikopterin vurulmasının qaçıla bilən fəlakət olması barədə bəyanatda yer alan məqama münasibətdə onu qeyd etmək lazımdır ki, prezidentlərin Soçi, Uels və Paris görüşlərindən sonra danışıqlarda müşahidə olunan müsbət irəliləyiş fonunda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində lüzumsuz genişmiqyaslı hərbi təlimlər keçirilməsəydi və Ermənistan silahlı qüvvələrinə məxsus helikopterlər Azərbaycan qoşunlarının ön döyüş xətti üzərində təhrikedici döyüş və hücum hərəkətləri etməsəydi, bu insident də baş verməzdi.

- Bəyanatda ən tez bir zamanda “Böyük sülh sazişi” üzərində danışıqlara başlamaq barədə tərəflərə çağırış da edilib.

- Prezidentlərin Paris görüşündən dərhal sonra Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəklənən “Böyük sülh sazişi” üzərində işləməyə hazır olduğunu bəyan etmişdi. Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında çıxışı zamanı “Böyük sülh sazişi” üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Nazir Elmar Məmmədyarov çıxışında onu da qeyd edib ki, Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü kimi, Azərbaycanın mövqeyi bu məsələdə də tam şəkildə aydındır. İndi bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi