Yuxarı

​XİN: Erməni terrorçuları Ermənistanda milli qəhrəman səviyyəsinə ucaldılıb

“DNT analizin tətbiqi kütləvi şəkildə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə xidmət etmiş olardı”

Bakı. 3 mart. REPORT.AZ/ “BMT tribunasından çıxış edərək, beynəlxalq birliyi terrorizm və digər təhdidlərlə mübarizəyə səsləyən Ermənistanın xarici işlər naziri ilk növbədə bu sahədə öz ölkəsinin “təcrübəsi və nümunəsi”ni göstərməlidir. Ermənistanın xarici işlər nazirinin ölkəsinin siyasi və hərbi rəhbərliyinin iştirakı ilə törədilmiş Xocalı soyqırımını və buna görə Ermənistanın daşıdığı məsuliyyəti etiraf etmək üçün BMT İnsan Hüquqları Şurası ən münasib məkanlardan biridir. Xocalıda Ermənistan tərəfindən BMT İnsan Hüquqları Şurasında baxılmalı olan müharibə cinayətləri, insanlıq əleyhinə cinayət və soyqırım əməlləri törədilib”. “Report”un xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın BMT-nin İnsan Hüquqları Şurasının iclasındakı çıxışına münasibət bildirərkən deyib.

O bildirib ki, Yaxın Şərqdə terror təhlükəsindən danışan Ermənistanın xarici işlər naziri digər terrorçu qruplarla bərabər elə bu regionda təşəkkül tapan və genişmiqyaslı terror əməlləri həyata keçirən və Ermənistan müstəqillik qazandıqdan sonra isə Ermənistan xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA və digər erməni terror təşkilatlarının da rolunu vurğulamalı idi: “Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanda 30-dan artıq terror aktı törədilib. Monte Melkonyan başda olmaqla, erməni terrorçuları Ermənistanda milli qəhrəman səviyyəsinə ucaldılıb və onların “qəhrəmanlığı” orta məktəb dərsliyinə də daxil edilib. İclasda çıxış edərək “etnik təmizləmənin ardınca həyata keçirilən mədəniyyət abidələrinin dağıdılması insan yaddaşının silinməsi və minillərlə yaşı olan sivilizasiyanın məhv edilməsi cəhdləridir” deyən Ermənistanın xarici işlər naziri yəqin ki, işğal altında olan Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşilikləri nəzərdə tutur? Çünki Ermənistanın xarici işlər nazirinin dedikləri ilə Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistan ərazisində Azərbaycan xalqına aid olan maddi-mədəniyyət abidələrinə və dini irsə qarşı həyata keçirilmiş soyqırım tamamilə üst-üstə düşür. Beynəlxalq humanitar hüququn məskəni olan Cenevrədə, BMT İnsan Hüquqları Şurasında çıxış edən Ermənistanın xarici işlər naziri ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq, münaqişə nəticəsində əsir və itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsinə maneçilik yaratmasına da aydınlıq gətirməli idi.

Ermənistanın da həmmüəllifi olduğu BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı 18 dekabr 2014-cü il tarixli qətnaməsi münaqişə tərəfləri olan dövlətləri itkin düşmüş şəxslər barəsində məlumatı bölüşməyə, qurbanlara yardım etməyə, onların yerinin və ya qalıqlarının müəyyən edilməsində köməklik göstərməyə çağırır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4 000-dən artıq azərbaycanlı itkin düşmüş hesab olunur və onların taleyinə görə Ermənistan Respublikası məsuliyyət daşıyır. Cenevrə konvensiyaları əsnasında da bu barədə məlumatın verilməsini təmin etmək üçün Ermənistanın beynəlxalq hüquqi öhdəliyi var. Müasir məhkəmə-tibb elmləri və xüsusilə DNT analizin tətbiqi kütləvi şəkildə öldürülən və Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlarda basdırılan şəxslərin kimliyinin müəyyən olunmasında və nəticə etibarilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə xidmət etmiş olardı”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi