Yuxarı
    Bağlamaq

    XİN: “Bütün beynəlxalq ictimaiyyəti Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq”

    Dinlə

    Bakı. 23 iyul. REPORT.AZ/ “Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva MDB dövlətləri daxili işlər nazirləri şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd edib. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi fundamental sənədlər hazırlanıb”.

    “Report”un xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    O bildirib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir:

    “- İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması;

    - Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti;

    - İqtisadi və maliyyə fəaliyyətləri;

    - İnfrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı;

    - İşğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi;

    - İşğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər”.

    H.Hacıyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. “Bu sıraya aşağıdakılar daxildir:

    - BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarının de-fakto ayrılmasını təmin etmək üçün gücdən istifadə;

    - Bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması;

    - İşğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi;

    - Hərbi işğala dair hüququn, xüsusilə “Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il “Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması;

    - İşğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi;

    - Ərazinin mədəni irsinin dəyişdirilməsi”.

    Onun sözlərinə görə, beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Bu sıraya daxildir:

    - Bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması;

    - Bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması;

    - Bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi;

    - Ağırlaşdırılmış məsuluyyət kimi bütün Dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması.

    XİN sözçüsü deyib ki, beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır: “Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi