Bakı. 6 dekabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.
"Report" xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını bildirib.
O qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.
***19:47
Bakı. 6 dekabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.
Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunur. H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə substantiv danışıqlar vasitəsilə həll olunması üçün səylərini davam etdirəcək.
Qeyd edək ki, E.Məmmədyarovun həmsədrlərlə danışıqları ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının illik toplantısı çərçivəsində keçirilir.