Türkiyə parlamentində Xocalı soyqırımını əks etdirən sərgi açılıb

Türkiyə parlamentində Xocalı soyqırımını əks etdirən sərgi açılıb Sərgi martın 1-dək davam edəcək
Qarabağ
25 Fevral , 2015 15:18
Türkiyə parlamentində Xocalı soyqırımını əks etdirən sərgi açılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Xocalı soyqırımını əks etdirən “Üç nəsil, bir soyqırımı” adlı əşya və foto sərgisi İstanbul, Brüssel, Haaqadan sonra Ankarada - Türkiyə Böyük Millət Məclisinin (TBMM) himayəsində olan Mustafa Necati Mədəniyyət Evində açılıb. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil edilən sərginin açılışında Türkiyə və Azərbaycanın media nümayəndələri ilə yanaşı, rəsmi şəxslər də iştirak edib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Meral Akşener, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, millət vəkilləri Sinan Oğan, Hasan Hüseyin Türkoğlu, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Ənvər Türkoğlu, Türkiyənin bir sıra həmkarlar təşkilatları və QHT-lərin təmsilçiləri, eləcə də Xocalı soyqırımının şahidləri sərginin açılışına qatılıb.

Türkiyənin Xocalı məsələsində həssaslığını ifadə edən və parlamentdəki Xocalı ilə bağlı fəaliyyətinə toxunan Necdet Ünüvarın çıxışından sonra, TBMM-in sədr müavini Meral Akşener, Sinan Oğan və Elman Məmmədov qara lenti kəsərək sərgini açıb.

Açılışdan sonra sərgini gəzən qonaqlara TÜRKSAM təmsilçiləri Xocalı soyqırımı haqqında geniş məlumat verib. Millət vəkilləri “Üç nəsil, bir soyqırımı” xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisindəki Mustafa Necati Mədəniyyət Evində təşkil edilən “Üç nəsil, bir soyqırımı” sərgisi martın 1-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi