Təbrizdə 20 Yanvar hadisələri anılıb

Təbrizdə 20 Yanvar hadisələri anılıb Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib, ehsan verilib, fotosərgi nümayiş olunub
Qarabağ
19 Yanvar , 2015 20:12
Təbrizdə 20 Yanvar hadisələri anılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Təbrizdəki baş konsulluğunda 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Konsulluqdan "Report"a verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanan mərasimdə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə çıxış edərək, 20 yanvar tarixinin Azərbaycan tarixində Ümumxalq Hüzn Günü olmaqla yanaşı, eyni zamanda qəhrəmanlıq, qürur və şərəf günü olduğunu, bu tarixin milli azadlıq və istiqlal uğrunda xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyi bir gün kimi yadda qaldığını diqqətə çatdırıb. 

Baş konsul bu hadisəni törədənlərin hələ də layiqli cəzalarına çatmadığını, bunun əsas səbəblərinin dünyada ikili standartların mövcudluğu və həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin qətiyyətsizliyindən irəli gəldiyini vurğulayıb. Əli Əlizadə bu hadisələrin həyata keçirilməsində birbaşa rolu olan ermənilərin hələ də utanmadan dünya ictimaiyyətini aldatmağa səy göstərdiklərini, zaman-zaman hətta 20 Yanvar faciəsinə dair fotoşəkillərin də qondarma erməni soyqırımının fotoşəkilləri kimi qələmə verməyə calışdıqlarını, ermənilərin nə qədər təhlükəli olmasının tarix boyu onların Azərbaycan, İran, Türkiyə və digər ölkələrin ərazisində həyata keçirdikləri soyqırım, terror hadisələrinin sübut etdiyini bildirib. 

Mərasimdə baş konsulluğun əməkdaşları Nəriman Orucəliyev, Şahin Əhmədov da çıxış edərək, 20 Yanvar hadisələrinin nəticələri, bu hadisələrin Azərbaycan ədəbiyyatında əks olunmasından danışıblar. Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib, ehsan verilib, mərasim iştirakçıları 20 Yanvar hadisələrinə aid şəkillərdən ibarət foto-stendə baxış keçirib.

Son xəbərlər

Orphus sistemi