Tbilisidə keçirilən beynəlxalq konfransda Qarabağ münaqişəsi müzakirə edilib

Tbilisidə keçirilən beynəlxalq konfransda Qarabağ münaqişəsi müzakirə edilib Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə olaraq Azərbaycanın yanındayıq”
Qarabağ
29 Aprel , 2016 16:09
Tbilisidə keçirilən beynəlxalq konfransda Qarabağ münaqişəsi müzakirə edilib

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə olaraq Azərbaycanın yanındayıq”

Tbilisi. 29 aprel. REPORT.AZ/ Tbilisidə “Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik: problemlərin həllində regional güclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report” xəbər verir ki, konfransda Azərbaycanın regionda artan nüfuzuna, iqtisadi inkişafına da toxunulub. Bildirilib ki, Azərbaycan hazırda regionda böyük iqtisadi gücə və nüfuza malikdir. Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə qadirdir. Lakin rəsmi Bakı müharibənin necə ağır bəlalar gətirdiyini başa düşür və problemi sülh yolu ilə həll etmək istəyir.

Gürcüstanın GFSİS təşkilatının və Finlandiyanın SİPRİ İnstitutunun birgə təşkil etdikləri tədbirdə Cənubi Qafqazdakı mövcud münaqişələrin təhlükəsizliyə, regional sülhə və iqtisadi inkişafa yaratdığı problemlər müzakirə olunub. Ayrı-ayrı sessiyalarda Rusiyanın, Türkiyənin və İranın bu problemlərin həllindəki rolu, maraqları ilə bağlı məruzələr dinlənilib. Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Çıxışlarda qeyd olunub ki, bəzi dövlətlərin bu münaqişələrin həlli ilə bağlı səyləri hələlik heç bir nəticə vermir. Beynəlxalq təşkilatlar səylərini artırmalı və problemlərin həllinə daha çox maraq göstərməlidirlər.

Beynəlxalq ekspertlər Ermənistanın haqsız mövqeyini tənqid edib və rəsmi Yerevana təzyiqlərin artırılmasını təklif ediblər.

Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi, səfir Zurab Abaşidze jurnalistlərə müsahibəsində deyib ki, bu tədbir Cənubi Qafqaz regionundakı münaqişələrin həllində, təhlükəsizliyin və sülhün təmin olunmasında mühüm əhəmiyyət kəsb edir: “Konfransın Tbilisidə keçirilməsi sübut edir ki, beynəlxalq təşkilatlar və Avropa Cənubi Qafqaza böyük əhəmiyyət verir. Burada Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, atəşkəsin pozulması məsələsinə də toxunuldu və iştirakçılar münaqişə bölgəsində müharibənin yenidən alovlanmasından narahatlıqlarını ifadə etdilər. Beynəlxalq ictimaiyyət bu münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır”.

Z.Abaşidze onu da vurğulayıb ki, Gürcüstan dövləti və hökuməti də Dağlıq Qarabağda atəşkəsin pozulmasından narahatdır. “Biz hesab edirik ki, müharibənin yenidən alovlanmasına imkan vermək olmaz. Gürcüstan tərəfi münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün vasitəçilik etməyə hazırdır”.

Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gömrükçü də bu konfransın əhəmiyyətini xüsusi qeyd edib: “Son günlər Dağlıq Qarabağda atəşkəsin yenidən pozulması, günahsız insanların həlak olması ilə bağlı məlumatlar konfrans iştirakçılarını da narahat edir. Siyasi ekspertlər öz çıxışlarında bunu aydın söylədilər. Azərbaycanın öz ərazilərinin işğal altında qalmasına imkan verməyəcəyi də hamıya bəllidir və beynəlxalq ictimaiyyət də rəsmi Bakının mövqeyini başa düşür. Türkiyə olaraq biz də bu məsələdə Azərbaycanın yanındayıq. Bu konfransda da bu məsələ qeyd olundu və münaqişənin sülh yolu ilə həlli ilə bağlı səylərin artırılmasının vacibliyi vurğulandı”.

Konfransda Avropa İttifaqının, Avropa Şurasının ekspertləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə ölkəmizi Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı İlyas Məmmədli təmsil edib.

Son xəbərlər

Orphus sistemi