Yuxarı

"Sual verin, atəşkəs nə vaxt pozulmur..." - Ağdamdan REPORTAJ

​Erməni hərbiçiləri çox hiyləgərdir

Bakı-Ağdam-Bakı. 18 avqust. REPORT.AZ/ Bir gün ərzində özünün nizam - intizamı, qayda qanunu ilə seçilən bir məkanda qonaq olacağıq.

Bakıdan gedən jurnalisti və fotoqrafı - "Report"un əməkdaşlarını necə qarşılayacaqları ilə bağlı həyəcan da var, təbii ki...

Ağdam istiqamətində yerləşən "N" saylı hərbi hissədə topçuların yanındayıq. Cəbhə xəttindən bir neçə kilometr aralıda.

Demək olar ki, ölkə mətbuatında cəbhə bölgəsində atəşkəsin gün ərzində dəfələrlə pozulması ilə bağlı xəbərlər yayılır. Elə bura gəlməyimizin başlıca səbəbi də budur. İstəyirik ki, cəbhədəki vəziyyətlə tanış olaq, əsgərlərimizlə görüşək, danışaq.
Bizə ayrılmış müddətə reportaj hazırlamaq üçün cəbhə bölgəsinə yola düşdük. Əvvəlcə Bərdədə yerləşən hərbi birlikdə olduq.
Burada bizi bəzi təhlükəsizlik məsələlərilə bağlı təlimatlandırdılar. Elə gecəni də burada keçirməli olduq. Səhəri gün isə hərbi hissənin zabiti Rauf Niyazovla birlikdə "N" saylı hərbi hissəyə topçuların yanına yollandıq.
Təxminən 1 saatdan sonra planlaşdırğımız yerə çatdıq. Sakitlikdir, dəmir qayda-qanun var...
Məlumat üçün deyək ki, bu hərbi hissə bir neçə həftə öncə hərbiçilərin istifadəsinə verilib.
Bizi zabit Coşqun Verdiyev qarşıladı.
"İstəyiniz nədir?" - deyə o soruşur.
Buraya gəlməkdə məqsədimizi izah edirik, C. Verdiyev “buyurun” deyib, söhbətə başlayır...

"Çətinliyimiz yoxdur, hər bir şərait yaradılıb"

O, qeyd edir ki, burada əsgərlər üçün hər bir şərait yaradıldıb: "Əvvəllər bir qədər çətinliyimiz vardı, amma bu hərbi hissə tikildikdən sonra işimiz xeyli asanlaşdı. Burada xidmət üçün nə lazımdırsa, var. Yəni, çətinliyimiz yoxdur, hər şərait yaradılıb".
R.Niyazov söhbətə qatılır: "Hərbi hissənin açılışında cənab nazir Zakir Həsənov iştirak edib. Bu, əslində, dövlət rəhbərliyinin orduya göstərdiyi diqqət və qayğıdan xəbər verir".
"Sual verin, atəşkəs nə vaxt pozulmur..."
Zabit C.Verdiyev cəbhə xəttindəki vəziyyətə də diqqət çəkir: "Sarıcalı istiqamətində atəşkəs hər gün pozulur. Sual verin ki, təmas xəttində nə vaxt sakitlik olur... Olmur... Dincəlmirik… Biz düşmənin hər bir həmləsinin, hücumunun qarşısını almağa qadirik. Güclü ordumuz var".
Sonra hərbi hissə ilə tanış oluruq.
Zabit Nizami Abdulov bizə əsgərlərin ideoloji hazırlıq otağını, yeməkxanasını, idman zalını və yataq otağını göstərir.
Burada hər şeyin - əsgərlərin yataq şəraitindən tutmuş idman zalı, tibb məntəqəsinə qədər yüksək səviyyədə qurulduğunu müşahidə edirik.

"Əsasən milli xörəklərə üstünlük veririk"

Zabit N.Abdulovun sözlərinə görə, şəxsi heyətə gündə 3 dəfə yemək verilir, əsasən sulu yeməklərə üstünlük verilir: "Əsgərlərə səhərlər makaron, kərə yağı, şirin çay, cem, yumurta, günorta salat, düyü şorbası, qarabaşaq sıyığı ilə ət konservi, axşamlar isə əcəbsandal ilə ət konservi verilir. Dediklərim bir gün üçündür, menyudə başqa yeməklər də olur. Əsgərlərin yemək məsələsinə həssaslıqla yanaşırıq. Axı əsgərlər posta çıxır, yeməyi də yaxşı olmalıdır. Və ən əsası - hərbi qulluqçularımızın qida rasionunda milli yeməklərə üstünlük veririk”.

Mətbəxdə təmizliyə də xüsusi diqqət yetirilir.

Əsgərlər də yaradılan şəraitdən razılıq edirlər.

"Ali Baş Komandanın əmrini gözləyirik"

"14 aydır, qulluq edirəm, hələ heç bir narahatçılığım olmayıb. Burada bizə yüksək səviyyədə şərait yaradılıb". Bunu 14 aydır, hərbi xidmətdə olan əsgər Vüsal Bayramov deyir.

O, qeyd edir ki, burada qulluq edən hərbiçilər torpaqlarımızı işağldan azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirlər: "Ali Baş Komandan əmr verərsə, Qarabağı, doğma torpaqlarımızı düşməndən azad etməyə hazırıq. Vətən qarşısında borcumuzu yerinə yetirməliyik. Buna bizim gücümüz çatır”.
Manqa komandiri Orxan Mövsumzadə də deyilənlərə şərikdir: “Əsgərlərimizdə döyüş əzmi yüksəkdir. Biz döyüşə tam hazır vəziyyətdəyik. İstənilən an döyüş əmri verilsə, torpaqlarımızı işğaldan azad edə bilərik”.
Söhbətləşdiyimiz digər əsgərlər də bu fikirdədirlər.
Elə orada olduğumuz vaxt eşitdik ki, ermənilər Ağdamın işğal altında olan ərazilərini mütəmadi olaraq yandırırlar.
Ermənilər bu əraziləri niyə yandırır?
Abdulova sual verirəm.
O, deyir ki, əslində, ermənilər qorxduqları üçün belə addım atırlar: “Bütün ağacları, yaşıllıqları yandırırlar ki, açıqlıq yaransın. Düşmən çox hiyləgərdir. Ona görə biz maksimum diqqətliyik. Cənab nazir Zakir Həsənov da əmr verib ki, düşmənin hər bir cəhdi cavablandırılmalıdır”.

Ordunun müharibəyə hazırlığı necədir?

“Müharibə üçün nə lazımdırsa, hər şey var. Biz yalnız əmr gözləyirik. Elələri var ki, buraya-hərbi xidmətə gələndə həvəssiz olur, bu, normal haldır, gəncdir axı. Amma bir müddətdən sonra dəyişir, tamamilə fərqli-mübariz, vətənpərvər bir insana çevrilir. Elə bizim də istəyimiz budur. Bütövlükdə bizim mərd oğullarımız çoxdur. Ona görə dövlət bu sahədə çalışanlara, vətənin keşiyində duranlara xüsusi diqqət ayırır. İnanıram ki, bu diqqət və qayğı davamlı olacaq”, - N.Abdulov bildirir.
Rauf Niyazov həyətdə bizə yaxınlaşıb “Sizi başqa nə maraqlandırırsa, cavablandıra bilərik, rahat olun” deyir.
Bakıdan çıxanda niyyətimiz düşmənlə üzbəüz postlaradək getmək idi. Amma təhlükəsizlik məsələlərinə görə bu mümkün olmadı.
Vəziyyəti anlayırıq, ona görə də bura qədər bizə göstərdikləri köməyə görə təşəkkürümüzü bildiririk.
Bizi maraqlandıran suallar cavablandırıldı, görmək istədiyimiz vəziyyəti də gördük, beləcə işimiz bitdi. Hərbi hissənin ərazisini tərk edirik. Oradan bir neçə kilometr irəlidə erməni işğalında olan torpaqlarımız və o torpaqları hər an işğaldan azad etməyə hazır olan böyük bir ordumuz var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi