​Sergey Narışkin: “Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllində maraqlı tərəfdir”

​Sergey Narışkin: “Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllində maraqlı tərəfdir” Dövlət Dumasının sədri Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib
Qarabağ
25 May , 2015 18:20
​Sergey Narışkin: “Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllində maraqlı tərəfdir”

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Elmar Məmmədyarov Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğulayıb. O bu ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin artıq yetişdiyini bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyən Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib. O əlavə edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.

Sergey Narışkin qanunverici orqanlar arasında sıx əlaqələrin iki ölkə arasında əməkdaşlığın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini nəzərə çatdırıb. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini ifadə edən Sergey Narışkin Oyunların yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Sergey Narışkin Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllində maraqlı tərəf olduğunu qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi