Yuxarı
    Bağlamaq

    Səməd Seyidov: “Azərbaycan tərəfi olaraq heç vaxt ermənilərlə görüşlərdən çəkinməmişik”

    O, Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri arasında görüşün ola biləcəyinə dair xəbərlərə münasibət bildirib

    Bakı. 9 dekabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistanın bu qurumdakı nümayəndə heyətinin üzvləri ilə görüşün ola biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

    S.Seyidov “Report”a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi heç vaxt bu cür görüşlərdən yayınmayıb: “Söhbət ötən sessiyada AŞPA-nın sədri Pedro Aqramuntun Azərbaycan və Ermənistan nümayəndə heyətinin rəhbərləri ilə ayrı-ayrı keçirdiyi görüşlərindən gedir. Biz Azərbyacan tərəfi olaraq heç vaxt görüşlərdən çəkinməmişik, əksinə, görüşlərin təşkil olunmasının tərəfdarı qismində çıxış etmişik. Dəfələrlə Avropa Şurasında bu istiqamətdə bəyanatlar vermişik. Ermənistan isə həmişə bu istiqamətdə öz mövqeyini mənfi şəkildə göstərib. İndi isə belə bir təşəbbüs AŞPA-nın sədrindən gəlib”.

    Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycan yenə də öz mövqeyində qalır: “Əgər görüş təşkil olunacaqsa, biz orada iştirak etməkdən heç də qaçmırıq. Ermənilər isə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparıldığını əsas gətirərək Avropa Şurasında belə bir görüşlər keçirilməsinin əhəmiyyətinin olmadığını deyirlər. Mən bu fikirlə razı deyiləm. Hesab edirəm ki, hər bir görüş bizim üçün vacib və əhəmiyyətlidir”.

    Qeyd edək ki, Ermənistan parlamentinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermine Naqdalyan Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyəti görüş üçün ilkin razılıqların əldə olunduğunu deyib. Görüşün baş tutacağı təqdirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli ilə bağlı məsələnin müzakirə ediləcəyi ehtimal olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi