Yuxarı

​“Sarqsyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” kampaniyasına start verilib

“Facebook sosial şəbəkəsində iş bölgüsü də aparılıb”

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurasının nəzdində yaradılan İşçi Qrupunun mətbuat konfransı keçirilib.

“Report”un məlumatına görə, İşçi Qrupunun (İQ) sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin rəhbəri Şahin İsmayılov deyib ki, İQ-də 20 Yanvar hadisələri ilə bağlı imzatoplama kampaniyasının keçirilməsinə qərar verilib. O əlavə edib ki, avaaz.org portalında həm 20 Yanvarla bağlı, həm də “Sarqsyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” kampaniyasına start verilib: “Burada Ermənistan prezidenti Serj Sarqsyanın cinayət əməlləri ilə bağlı çağırışlar ediləcək”.

Ş.İsmayılov qeyd edib ki, İşçi Qrup bu tipli tədbirləri davam etdirəcək: “Bundan sonra isə Xocalı faciəsi ilə bağlı imzatoplama kampaniyası keçiriləcək. Bir sıra nüfuzlu təşkilatlar var ki, onlarla əməkdaşlıq edirik. Əsas diqqəti xarici ölkə vətəndaşlarının bu işdə fəallığını artırmaq olacaq. Facebook sosial şəbəkəsində iş bölgüsü də aparılıb. İşçi Qrupun üzvləri peşəkar insanlardır. Ümid edirəm ki, bu işin öhdəsindən gələcəyik”.

İşçi Qrupunun üzvü Asif Əsgərov qeyd edib ki, bu kampaniyalar çərçivəsində ictimaiyyət nümayəndələrilə, siyasi təşkilatlarla, xaricdə fəaliyyət göstərən azərbaycanlılarla birgə işlər görüləcək: “Biz burada beynəlxalq tədbirlərin görülməsinə ümid etməsək də, tanıdılma baxımdan çox önəmli məsələdir”.

Sonra İşçi Qrupunun digər üzvləri də çıxış edərək kampaniya ilə bağlı öz fikirlərini bildiriblər.

Qeyd edək ki, İşçi Qrup yanvarın 19-da yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi