Yuxarı

Sabiq XİN başçısı: "Azərbaycan təmas xəttində kameraların quraşdırılmasına razılıq verməyəcək"

Tofiq Zülfüqarov: Ermənistan vaxt götürüb Vyanada verilən təkliflər barədə fikirləşməli və ictimai rəyi hazırlamalıdır

Bakı. 17 may. REPORT.AZ/ "Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında keçirilən danışıqlardan sonra növbəti görüşün anonsu verildi. Bu da onu göstərir ki, bir sıra məsələlər açıq qalıb. Ermənistan vaxt götürüb təkliflər barədə fikirləşməli və ictimai rəyi hazırlamalıdır".

Bunu "Report"a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində müşahidə kamerlarının quraşdırılması ilə bağlı səslənən təklifə toxunan sabiq nazir qeyd edib ki, gələcəkdə Azərbaycan əraziləri işğaldan azad edilsə, kameraların quraşdırılması mümkündür: "Yəni, atəşkəs rejimini təmin etmək üçün texniki vasitələrdən istifadə etmək olar. Amma kameralar harada quraşdırılacaq? Təmas xəttində kameraların quraşdırılmasına Azərbaycan razılıq verməz. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan təhlükəsizlik istəyirsə, işğal etdiyi əraziləri boşaltmalıdır".

T.Zülfüqarov bildirib ki, işğal olunan Azərbaycan əraziləri qeydsiz-şərtsiz boşaldılmalıdır: "Azərbaycanın mövqeyi bəllidir və dəfələrlə şərh olunub. Yəni, işğal olunmuş Azərbaycan əraziləri qeydsiz-şərtsiz boşaldılmalıdır. Bu, ya hərbi, ya da sülh yolu ilə həllini tapacaq. Azərbaycan mövqeyi belədir və inanmıram ki, bu mövqe dəyişsin. Artıq Erməni tərəfənin qeyri-ciddi bəyanatlarının vaxtı bitib".

Qeyd edək ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş keçirilib. Danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiyanın xarici işlər nazirləri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri,  Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi