Rusiyalı politoloq: "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşəcəyi gözlənilən idi"

Rusiyalı politoloq: "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşəcəyi gözlənilən idi" "Dünya oyunçularının əksəriyyəti məhz Yerevanı günahkar hesab edir"
Qarabağ
18 Aprel , 2016 11:45
Rusiyalı politoloq: Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşəcəyi gözlənilən idi

Bakı. 18 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşəcəyi gözlənilən idi".

"Report" xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya İctimai Palatanın üzvü Sergey Markov Bakıda keçirilən mətbuat konfransında deyib.

"Birincisi, bu, post-sovet məkanında heç bir sülhməramlının olmadığı, qoşunları qarşı-qarşıya dayandığı yeganə münaqişədir. İkincisi, bu münaqişə sadəcə münaqişə yox, elə danışıqların özü də dondurulub. Üçüncüsü, gərginliyin kəskin artdığı son vəziyyətdə qüvvələr nisbətinin Azərbaycan xeyrinə kəskin surətdə dəyişdiyi müşahidə olundu. Ölkə özünü effektiv şəkildə göstərdi, öz gücünü, yeni silahlarını nümayiş etdirdi. Bundan başqa, Azərbaycan əhalisi ordu ilə tam həmrəy olduğunu göstərdi", - deyə politoloq bilidirb.

S.Markov əlavə edib ki, dünya oyunçularının əksəriyyəti məhz Yerevanı günahkar hesab etdiyindən Azərbaycan son hadisələrlə əlaqədar inamla davranmalıdır. "Burada söhbət kimin birinci başlamasından yox, kimin beynəlxalq hüququ pozmasından gedir", - deyə o vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gələcəyini şərh edən S.Markov indi münaqişənin həlli üçün Rusiyadan daha çox dəstək gözləməyin mümkün olduğunu söyləyib: "ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrdən ikisində güclü erməni diasporu var. Rusiyada isə güclü erməni diasporu kimi, güclü Azərbaycan diasporu da fəaliyyət göstərir".

Rusiyalı politoloq da "tarixi kompromis" nəzərdə tutan Kazan formulunun hazırda müzakirələr masasında olmaq ehtimalını da qeyd edib: "Kazan prinsiplərinə görə, Dağlıq Qarabağ ətrafındakı 5 və ya 7 rayon Laşın dəhlizi olmadan geri qaytarılmalı, bu rayonlardakı bütün hərbçilər geri çağırılmalı, qaçqınlar öz yurdlarına qayıtmalı, Ermənistan blokada şəraitindən çıxmalıdır. Amma geri qayıdacaq qaçqınların sayı, onların yerləşdirilməsi və referendumun keçirilməsi formaları məsələsində ortaq məxrəcə gəlmək mümkün olmadı. Bu formulu imzalamağa hazırlıq Ermənistanın ölkədaxili siyasi vəziyyətindən asılıdır. Çünki onlar öz cəmiyyətini güzəştə getməyə inandırmalıdır".

S.Markov, həmçinin təmas xəttində gərginliyin artmasının Rusiya KİV-də necə işıqlandırılması məsələsinə toxunub: "Qeyd etməliyəm ki, Rusiya KİV-i həm Yerevanı, həm də Bakını tənqid edib. Amma indi rusiyalı siyasətçilərin və Rusiya KİV-nin mövqeyi 20 il əvvəllə müqayisədə dəyişib. Hətta Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya telekanalının hadisələri işıqlandırması ilə əlaqədar tənqidlərə münasibət bildirərək rəsmi Bakının narahatlığını dəstəkləyib".

Son xəbərlər

Orphus sistemi