Bakı. 14 yanvar. REPORT.AZ/ "Dünya 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ağır silah və artilleriyadan istifadə olunmaqla döyüşlərin intensivləşməsinin şahidi olub".
"Report" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə şərh verərkən deyib.
"Dinc əhali arasında ölənlərin sayı artıb. Əvvəlki brifinqlərdə də bu barədə danışmışıq. Vəziyyət narahatlıq yaradır", - deyə M.Zaxarova bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi zəruridir.
"Tərəfləri atəşkəs rejiminin qorunmasına yönəlmiş sazişə riayət etməyə çağırırıq", - deyə M.Zaxarova qeyd edib.