Bakı. 1 iyul. REPORT.AZ/ "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişin əldə olunması üçün ən yüksək səviyyədə çalışır".
"Report"un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə deyib.
Səfir Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi ehtimalına da münasibət bildirib: "Fikrimcə, görüşün tarixi hələ razılaşdırılmayıb. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün tərəflərin görüşünün baş tutmasına çalışır".
R.Sekuta xatırladıb ki, ötən gecə ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair telefon danışığı aparıb: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu istiqamətdə ciddi səy göstərir."