Yuxarı

QHT: Erməni təcavüzü nəticəsində 12 muzey, 6 rəsm qalereyası, 9 tarixi əhəmiyyətli saray məhv edilib

Dünya ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərindəki tarixi abidələrin dağıdılmasının qarşısını almalıdır

Bakı. 17 aprel. REPORT.AZ/ Erməni işğalçıları Azərbaycanın işğal olunan ərazilərində ələ keçirdikləri tarixi və mədəniyyət abidələrini özlərininki kimi qələmə verirlər. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyasının vitse-prezidenti Vəli Əlibəyov beynəlxalq abidələr və tarixi yerlər gününə həsr olunan dəyirmi masada bildirib. 

"Bu gün bütün dünyada münaqişələr nəticəsində tarixi abidələr məhv edilir. Yaxın Şərqdə İŞİD terror təşkilatı yalnız insanları öldürmür, həm də qədim tarixi və mədəniyyət abidələrini dağıdır", - V.Əlibəyov qeyd edib. O əlavə edib ki, hətta II Dünya Müharibəsi zamanı tarixi və mədəniyyət abidələrinə toxunulmayıb. 

O vurğulayıb ki, dəyirmi masa iştirakçıları müraciət qəbul edib. Həmin müraciətin əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini erməni tərəfinin işğal etdiyi ərazilərdə Azərbaycanın tarixi və mədəniyyət abidələrinin dağıdılması, həyasızcasına mənimsənilməsi və özlərininki kimi qələmə verməsinə cəlb etməkdir.

Öz növbəsində, Turizm İnstitutunun dosenti Minəxanım Əsədova qeyd edib ki, Azərbaycanda 6 308 tarixi abidə qeydə alınıb, onlardan 2 034 abidə - respublika, 65 abidə - dünya, qalanları isə regional əhəmiyyətlidir.

Dəyirmi masa iştirakçıları öz müraciətlərində respublikada hər il müxtəlif elmi-praktiki konfranslar, dəyirmi masalar, açıq qapı günləri və digər tədbirlər təşkil etməklə, Beynəlxalq abidələr və tarixi yerlər gününü yüksək səviyyədə qeyd etməyə çağırıb.

Müraciətdə, həmçinin qeyd olunub ki, erməni təcavüzü nəticəsində 17 min kv.m. ərazidə 12 muzey, 6 rəsm qalereyası, 9 tarixi əhəmiyyətli saray zəbt edilərək yandırılıb. 

"Muzeylərdən 40 minə yaxın nadir tarixi eksponatlar götürülüb, 62-si məscid olmaqla 152 dini ayinlərin keçirildiyi yerlər dağıdılıb. 927 kitabxanada 4,6 mln. kitab və nadir əlyazmalar yandırılıb. Ermənilərin əlində  6 memarlıq və 7 arxeoloji, ümumilikdə 13 dünya əhəmiyyətli abidə, 292 respublika, 330 regional əhəmiyyətli memarlıq, arxeoloji, monumental və digər  abidələr qalmaqdadır", - müraciətdə yazılıb.

Bununla əlaqədar dəyirmi masa iştirakçıları erməni vandalları tərəfindən Azərbaycanın işğal olunan ərazilərində tarixi abidələrin dağıdılmasının qarşısının alınması vacibliyini qeyd ediblər. 

Vurğulanıb ki, Azərbaycanın tarixi və mədəniyyət abidələrinin kütləvi şəkildə dağıdılması 1954-cü ildə qəbul olunan Haaqa konvensiyasına, eləcə də UNESCO-nun "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" konvensiya bəndlərinə ziddir. 

Qəbul olunan müraciətdə dəyirmi masa iştirakçıları beynəlxalq təşkilatlardan ermənilərin işğal olunan ərazilərdə  tarixi və mədəniyyət abidələrinə qarşı cinayət törətməsi səbəbindən sanksiyaların tətbiq olunmasını tələb edir, dünya ictimaiyyətini erməni işğalçıları tərəfindən Azərbaycan abidələrinin dağıdılmasının qarşısının alınması məqsədilə təcili tədbirlər görməyə çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi