Yuxarı

Qarabağdakı separatçılara yardım edən ABŞ konqresmeni istefaya gedib

Konqresmenə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Ermənipərəst ABŞ konqresmeni Maykl Qrim istefaya gedib. Bu barədə "Report" xarici KİV-lərə istinadən xəbər verir.

Belə ki, konqresmen Qrim ABŞ qanunverici orqanına seçilməmişdən öncə, yəni 2006-2010-cu illərdə biznes fəaliyyəti ilə məşğul olub. 28 aprel 2014-cü il tarixdə Nyu-Yorkdakı ABŞ federal qurumları tərəfindən M.Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi qaldırılıb. Konqresmenə qarşı qaldırılmış ittihamlar çərçivəsində vergidən yayınma üçün saxta sənədləşdirmənin aparılması, sığorta sənədlərinin qeyri-qanuni şəkildə dəyişdirilməsi, vaxtilə ona məxsus olmuş restoranda qeyri-leqal immiqrantların işlədilməsi, yalan ifadə vermək və digərləri yer alır. 23 dekabr 2014-cü il tarixdə Bruklin məhkəməsi ittiham aktında əks olunan məsələlərdən biri - vergidən yayınma məsələsi ilə bağlı M.Qrimin günahkar olduğunu təsdiq edib. Məhz bundan sonra 2014-cü il seçkilərində 11-ci Nyu-York dairəsində inamlı qələbəsinə və yenidən Konqresə seçilməsinə baxmayaraq M.Qrim istefa verməyə məcbur olub.

Qeyd edək ki, M.Qrim ABŞ Konqresində erməni məsələləri üzrə işçi qrupun həmsədrlərindən biri olub, erməni lobbi təşkilatlarının və onlara yaxın dairələrin dəstəyi ilə Azərbaycanın maraqlarına qarşı fəaliyyətlərdə fəal şəkildə iştirak edib. O, həmçinin ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağdakı separatçı qüvvələrə maliyyə yardımı ayrılması üçün aktiv şəkildə çağırış edən qanunverici orqan mənsublarından biri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi