Yuxarı
    Bağlamaq

    Qarabağa qanunsuz səfərdən peşman olan rusiyalı musiqiçi Cocuq Mərcanlıda konsert vermək istəyir

    Dmitri Uvarov səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib

    Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daha bir rusiyalı musiqiçinin adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Dmitri Uvarov, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

    Məktubunda Dmitri Uvarov 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

    D.Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

    O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.

    D.Uvarov həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

    Rusiyalı musiqiçi müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi