Yuxarı

​Qarabağ qazilərinin saytı fəaliyyətə başlayıb

Qaziler.az döyüşçülərin problemlərindən, ağrı və acılarından yazacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün “Qarabağ qazilər” birliyinin www.qaziler.az saytı fəaliyyətə başlayıb. Bu barədə “Report”a birliyin mətbuat xidmətindən bildirilib.

Təşkilatın sədri Etimad Əsədov bildirib ki, döyüşçülər belə bir saytın fəaliyyətə başlamasını çoxdan planlaşdırıblar: “Çoxdan özümüzün mətbuat orqanımızı yaratmaq istəyirdik. Biz 1995-96-cı illərdə “Zaman” qəzetinin həmtəsisçisi, 1997-2001-ci illərdə isə hamıya yaxşı məlum olan “Əlillər” adlı qəzetin təsisçisi olmuşuq. Sonrakı illərdə imkanımız olmadığına görə qəzetin fəaliyyətini davam etdirə bilmədik. İndi həm öz, həm də döyüşçü dostlarımızın köməyi ilə bu saytı yaratdıq. Saytın baş redaktoru Azərbaycanda kifayət qədər tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğludur”.

E.Əsədov qaziler.az saytının məqsəd və məramından da danışıb: “Biz bu saytda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb əlil olanların, şəhid olanların, onların ailə üzvlərinin, o cümlədən müharibə veteranlarının problemləri, onların döyüş və həyat yolu haqqında geniş məlumatlar, dövlətin bu qəbildən olan insanlara yönəlik gördüyü işlər haqqında mütəmadi və sistemli xəbər verəcəyik. Sayt müharibə adamlarının öz hüquq və sosial güzəştləri haqqında daha dolğun məlumat əldə etmələri üçün maarifləndirmə işini də yerinə yetirəcək.

Eyni zamanda, saytda ordumuzun dünəni və bu günü, dövlətin Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar və nəticəsi haqqında vaxtaşırı xəbərlər, analitik yazılar hazırlanacaq, vətəndaşlarımız, əsasən də, gənclər arasında hərbi vətənpərvərlik işinin təbliğ edilməsinə yardımçı olacaq. Bir sözlə, həm döyüşçülərin problemlərindən, ağrı və acılarından, həm də dövlətin bu istiqamətdə gördüyü işlərdən yazılacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi