Bakı. 25 dekabr. REPORT.AZ/ Qarabağ Azadlıq Təşkilatının (QAT) Ali Məclisi 2015-ci ilin “Qarabağ ili” elan olunmasını təklif edib.
Bu barədə "Report"a təşkilatdan bildirilib. Məlumatda Dağlıq Qarabağ ərazisinin işğaldan azad olunması tələbi qoyulub: "Müharibənin başlanmasından 25 il, hətta atəşkəsin özündən də artıq 20 il keçib. Artıq torpaqlarımızın bundan sonra da işğal altında qalmasına dözmək olmaz. QAT bu təkliflə hakimiyyətə və cəmiyyətə müraciət edir. 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində köklü və əsaslı dönüşə nail olunmalıdır. Bunun üçün hakimiyyət öz üzərinə düşən vəzifələri, Konstitusiyadan irəli gələn borcunu yerinə yetirməli, hərbi əməliyyatlara başlamalı, Azərbaycanın düşmənləri üzərində qələbəsini, torpaqlarımızın işğaldan azad olunmasını təmin etməlidir. Hər bir ictimai, siyasi təşkilat, hər bir vətəndaş Qarabağın azadlığı üçün üzərinə düşən vəzifəni, imkanı çatan işləri yerinə yetirməlidir. Bu yolda hakimiyyətin və cəmiyyətin qarşısında heç bir beynəlxalq öhdəlik, beynəlxalq tədbir, idman yarışı və ya başqa bir tədbir, heç nə və heç bir amil maneə olmamalıdır. Biz dövlət və millət olaraq Qarabağ naminə hər şeyin üstündən adlayıb, tapdalayıb keçmək iqtidarında olmalıyıq".