Yuxarı
    Bağlamaq

    Prezident: "Qarabağ münaqişəsi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

    Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir

    Bakı. 2 oktyabr. REPORT.AZ/ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi, ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

    "Report" xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

    "Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə üzləşib. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bizim vətəndaşlarımız - bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib ki, bu gün 10 ölkə bu soyqırımını rəsmən tanıyıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib. O missiyaların məruzələri insanı dəhşətə gətirir. Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə Bakıdakı erməni kilsəsini bərpa etdik. Bu kilsədə erməni dilində beş mindən çox kitab saxlanılır. Bax, fərq bundan ibarətdir. Bu, onların hərəkətləri, bu da bizim münasibətimiz. Ona görə, təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar", - deyə ölkə başçısı diqqətə çatdırıb.

    Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə isə prezident bildirib ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir:

    "BMT Təhlükəsizlik Şurası - dünyanın ali qurumu bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və iyirmi ildən çoxdur torpaqlarımız işğal altındadır.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi, ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qeyd etdiyim kimi, bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. 1990-cı illərin əvvəllərində əhalimiz 8 milyon nəfər idi ki, onun da bir milyonu qaçqın-köçkün vəziyyətinə düşüb. Yəni, o humanitar fəlakəti biz öz gücümüzə həll etdik və həll edirik. Buna baxmayaraq, ölkəmiz inkişaf edir. Bu ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Biz beynəlxalq aləmdə böyük hörmətə malikik. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycana səs verib, bizi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib".

    İlham Əliyev bildirib ki, son 13 il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, yoxsulluq, işsizlik 5 faizə düşüb:

    "Azərbaycanda bir çox sosial layihələr icra edilir. Biz müasir dövlət qurmuşuq. Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini nikbinlik əhval-ruhiyyəsində qarşılayır. Çünki biz dünyaya sübut etdik ki, azad, müstəqil ölkə kimi yaşaya bilərik, uğurla yaşaya bilərik. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan möhkəm ayaqda durur. Biz müasir, dünyəvi, inkişaf edən, əməkdaşlığa açıq olan ölkəyik".

    Dövlət başçısı Roma Papasına müraciət edərək qeyd edib ki, "onun Azərbaycana səfəri bizim üçün tarixi hadisədir. Bu, bizim üçün böyük şərəfdir. Siz bu gün səhər Katolik Kilsəsində dini mərasim keçirmisiniz. Bu görüşdən sonra siz ölkəmizin ən böyük məscidi olan Heydər məscidinə gedəcəksiniz. Siz Bakıdan bütün dünyaya çox açıq-aydın mesaj göndərirsiniz ki, multikulturalizm, dinlərarası dialoq, xoş niyyət, xoş münasibət zəfər çalmalıdır, üstünlük təşkil etməlidir".

    "Mən bugünkü görüşümüzdə sizə minnətdarlıq bildirərkən dedim ki, siz öz səfərinizlə bütün dünyanın diqqətini Azərbaycana cəlb etmisiniz. Bütün qitələrdə sizin davamçılarınız, sizi dəstəkləyənlər bu gün Bakıya baxırlar, ölkəmizlə, şəhərimizlə tanış olurlar, görürlər ki, dünyada, müsəlman aləmində müasir, dünyəvi, inkişaf edən ölkə var. Görürlər ki, bütün dünya katoliklərinin rəhbəri, zati-müqəddəsləri Fransisk bu gün Bakıdadır. Buna görə bir daha bütün Azərbaycan xalqı adından sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun", - deyə prezident nitqini yekunlaşdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi