​Prezident: "Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir"

​Prezident: "Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir" "Minsk qrupu ölkələri status-kvonun artıq birmənalı şəkildə qəbuledilməz olduğunu deyirlər"
Qarabağ
27 May , 2016 22:39
​Prezident: Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir

Bakı. 27 may. REPORT.AZ/ "Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezident İlham Əliyev mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"Əlbəttə, xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, status-kvo dəyişdirilməlidir. Mən şadam, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20 ildən çoxdur ki, gözləyirik", - deyə dövlət başçısı bildirib.

Dövlət başçısının sözlərinə görə, "vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun. Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz bundadır".

"Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur. Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik.

O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim harada yaşayıb orada da yaşamalıdır.

Bir daha demək istəyirəm ki, Azərbaycan dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq baxımından nümunəvi bir ölkədir. Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi, millətçi qruplar, Azərbaycana daim nifrətlə yanaşan insanlar bütün bu müsbət meyilləri pozmaq, üzərindən xətt çəkmək istəyirlər", - deyə İlham Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi