Yuxarı

Azərbaycan Prezidenti: "Sankt-Peterburq görüşünün müsbət nəticələri var”

Prezident İlham Əliyev: Münaqişə mərhələli şəkildə həll olunmalıdır

Bakı. 25 iyun. REPORT.AZ/ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olduqdan sonra hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb, şəxsi heyətə uğurlar arzulayıb. Hərbçilər üçün yeni yaşayış binasının qısa müddətə inşa olunduğunu və burada hər cür şəraitin yaradıldığını deyən Prezident İlham Əliyev indiyədək 900-ə yaxın hərbi qulluqçunun mənzillə təmin edildiyini bildirib. Ali Baş Komandan İlham Əliyev deyib ki, Azərbaycan Ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur, hərbçilərin xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə və hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu prosesinin məqsədyönlü və planlı şəkildə həyata keçirildiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda yaradılan hərbi-sənaye kompleksinin də müasir səviyyədə olduğunu bildirib.

Azərbaycan ordusunun döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu deyən Ali Baş Komandan bildirib ki, bunu aprel döyüşləri də göstərdi. Ermənistanın aprel təxribatına ordumuzun layiqli cavab verdiyini bildirən Prezident İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə edib. 

Dövlət başçısı deyib ki, Azərbaycanın hərbi qüdrətinin daha da artırılması əhəmiyyətlidir.

Ali Baş Komandan qeyd edib ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Prezident İlham Əliyev bildirib ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var.

Sonda Ali baş komandan bir daha vurğulayıb ki, ordu quruculuğu sahəsinə bundan sonra da xüsusi diqqət yetiriləcək və Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi