Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Bundan sonra da işğalçı Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik"

    Bakı. 18 aprel. REPORT.AZ/ “Dünyaya sübut edə bilmişik ki, haqlıyıq. Erməni lobbi təşkilatları bizə qarşı kampaniya aparırlar. Bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi”.

    “Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu gün andiçmə mərasimində deyib.

    Dövlət başçısı qeyd edib ki, Azərbaycan siyasi və diplomatik uğurlar qazana bilib: “Qondarma Dağlıq Qarabağ Respublikasını heç kəs tanımır. Əminəm ki, tanımayacaqlar da! Orada keçirilən referendumu qonşu ölkələr, beynəlxalq təşkilatlar pislədilər. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var, 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdıra bilmişik. Kitablar yazıldı, qədim xəritələr ortaya qoyuldu, sərgilər keçirildi, 10-dan çox ölkə Xocalı soyqırımını tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir. Bu gün Ermənistan bir dalan ölkəyə çevrilib. Gizlətmirik, bizim səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik, bu siyasət öz nəticələrini verməkdədir, bundan sonra da bu siyasət davam edəcək. Əminəm ki, istəyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verə bilməz ki, ərazisində ikinci erməni dövləti yaradılsın. Onu da dünya ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpağımızıdır. Təkcə sözlə deyil, sübutlarla bunu deyirik. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, kitablar yazılır, bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edib. Azərbaycanlılar bir neçə dəfə deportasiyaya məruz qalıb, bütün bunları çatdırmalıyıq, çatdırırıq, bu da öz səmərəsini verir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimizi xalq dəstəkləyir. Biz bu siyasətdən dönməyəcəyik. Bundan sonra da işğalçını bütün regional layihələrdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə bizim gücümüz daha da artacaq".

    Azərbaycan Prezidenti vurğulayıb ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir: "Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Son 15 ildə beynəlxalq davranış qaydaları dəyişib, beynəlxalq hüquq normaları arxa plana keçib, güc amili önəm qazandı. Bu, reallıqdır, bununla hesablaşmalıyıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi