Parisdə "Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil" kitabının təqdimatı keçirilib

Parisdə "Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil" kitabının təqdimatı keçirilib Əmir Əliyev: "Fransa cəmiyyəti, ziyalıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi sənədlərə əsaslanan faktlarla çox maraqlanırlar"
Qarabağ
27 İyun , 2018 13:06
Parisdə Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil kitabının təqdimatı keçirilib
Report

Paris. 27 iyun. REPORT.AZ/ Parisdə Əmir Əliyevin "Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil" kitabının təqdimatı keçirilib.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən təqdimatda fransalı deputatlar, professorlar və digər ictimai-siyasi şəxslər iştirak ediblər.

Ermənistanın Sovet İttifaqının zəifləməsi və dağılmasından istifadə edərək Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi, 1 milyondan çox azərbaycanlını öz torpaqlarından çıxartması və bu zaman həyata keçirdiyi cinayətləri, bu gün isə dünya ictimaiyyəti qarşısında əməllərini nəinki dönə-dönə inkar etməsi, hətta hər bir fürsətdən istifadə edərək Azərbaycanı ittiham etmək cəhdləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel təqdim olunan kitabın tarixi və fundamental həqiqətlərin üzə çıxarılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Bakı Dövlət Universitetinin hüquq fakultəsinin dekanı, professor Əmir Əliyev giriş, 6 bölmə və nəticədən ibarət olan kitab haqqında məlumat verərək deyib ki, kitab beynəlxalq təşkilatların, habelə ATƏT-in sənədlərinə istinad edərək Ermənistanın beynəlxalq hüququn 10 prinsipini pozması, Azərbaycana qarşı törətdiyi cinayətləri, etnik təmizləmə siyasəti və Dağlıq Qarabağın işğalına dair digər vacib məsələləri əhatə edir.

Professor bir daha beynəlxalq sənədlərə istinad edərək, öz müqəddəratını təyin etmənin yalnız ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu, Dağlıq Qarabağın isə bu gün Ermənistan tərəfindən idarə edildiyini və maliyyələşdirildiyini iştirakçıların nəzərinə çatdırıb.

Paris Sorbon Universitetinin geosiyasət üzrə professoru, Parisin 5-ci rayonunda merin müavini Jak Soppelsa (Jaques Soppelsa) kitabın objektivlik prinsipi əsasında yazıldığını, müəllifin hüquqi neytrallığa tamamilə sadiq qaldığını bildirib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti, yazıçı-publisist Jan-Pyer Allali bildirib ki, Azərbaycanın Ermənistandan qat-qat güclü orduya malik olmasına baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh ilə həlli yolunu tutub. O, tezliklə ədalətin bərpa olunacağına, Azərbaycanın işğal altında olan torpaqlarını özünə qaytaracağına ümid etdiyini söyləyib.

Tədbirin sonunda müəllif kitaba böyük maraq göstərən iştirakçıların çoxsaylı suallarını cavablandıraraq, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsipləri əsasında təhlil edib və kitabını onlara hədiyyə edib.

Professor Əmir Əliyev "Report"un Qərbi Avropa bürosuna açıqlamasında deyib: "Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil" kitabının fransız dilində Parisdə keçirilən təqdimatı zamanı iştirakçıların çoxsaylı və böyük maraq kəsb edən sualları göstərdi ki, fransa cəmiyyti, habelə ziyalıları, alimləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi sənədlərə əsaslanan faktlarla çox maraqlanırlar. Şəxsi müşahidələrimə əsasən, fransızlar bu mövzu ilə bağlı artıq kifayət qədər məlumatlandırılıblar və böyük maraq nümayiş etdirirlər. Lakin təbliğatı davam etdirmək və xüsusilə hüquqi sənədlərdən çıxış edərək onları Dağlıq Qarabağ işğalına dair hüquqi bilgilərlə təmin etmək lazımdır. Məsələnin kökü ondan ibarətdir ki, münaqişənin həllinin mümkün varinatlarının öyrənilməsi ilə paralel olaraq, bu beynəlxlq cinayət haqqında ictimaiyyəti məlumatlandırmaq böyük əhəmiyyət kəsb edir.

Mənim bu kitabım artıq Azərbaycan, ingilis, fransız, turk və rus dillərində çap olunub. Hazırda ispan və Ukrayna dillərində çapa hazırlanır. İlin sonu üçün isə erməni və alman dillərində çap olunması nəzərdə tutulur. Erməni dilində çap olunacaq kitabları əsasən erməni alimləri arasında yaymağı düşünürəm. Azərbaycan Prespublikası Prezidenti bu yaxınlarda çıxışında qeyd etdi ki, erməni xalqını cinayətkar qruplar idarə edirlər. Həqiqətən də, Ermənistanda cinayətkar qruplar xalqı aldatmaqda davam edirlər.

Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu böyük rol oynayır. Biz Azərbaycan alimlərinin qarşısında bu gün böyük vəzifələr durur. Müxtəlif dillərdə çap olunmuş bu qəbildən olan kitabların xarici ölkələrdə yayılmasına çalışmalıyıq".

Son xəbərlər

Orphus sistemi