Yuxarı
    Bağlamaq

    Pakistanlı general: "Müxtəlif döyüşlərin şahidi olmuşam, amma Xocalıda törədilən vəhşiliklərin oxşarını görməmişəm"

    Bakı. 21 fevral. REPORT.AZ/ "Xüsusi qəddarlıqla törədilən Xocalı soyqırımı tarixin ən ağrılı olaylarından biridir".

    Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, bunu Pakistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ehtiyatda olan general-leytenant Nasir Xan Cancua deyib. 

    Azərbaycan səfirliyinin və Pakistan Xarici İşlər Nazirliyinin İslamabad Strateji Tədqiqatlar İnstitutunun təşkil etdiyi Xocalı soyqırımının 26-cı ildönümünə və 31 Mart -Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümünə həsr olunan tədbirdə danışan general vurğulayıb ki, Pakistanın hər zaman Azərbaycanın dərdinə şərik çıxıb. O, 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Azərbaycanla Pakistan arasında çox səmimi dostluq və qardaşlıq münasibətlərinin yarandığını və bütün sahələr üzrə inkişaf etdiyini diqqətə çatdırıb.

    General kimi müxtəlif döyüşlərin şahidi olduğunu, amma Xocalıda silahsız, müdafiəsiz və günahsız insanlara qarşı törədilən vəhşiliklərin oxşarının görünmədiyini deyən baş nazirin müşaviri Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəklədiyini, 2012-ci ildə Pakistan Senatının, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı soyqırımını tanıyan və Ermənistan qoşunlarının bütün Azərbaycan torpaqlarını tərk etməsini tələb edən müvafiq qətnamələr qəbul etdiklərini bildirib.

    Ötən dövr ərzində xüsusi tərəqqiyə və inkişafa nail olan Azərbaycanın hüzuru ilə yanaşı acısının da Pakistanın acısı olduğunu, Kəşmir məsələsinin həllində Pakistana verdiyi dəstəyə və Kəşmir üzrə İƏT Təmas qrupunun üzvü kimi verdiyi töhfələrə görə Azərbaycana təşəkkürlərini ifadə edən Nasir Xan Cancua Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələr üzrə daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi