Yuxarı

Azərbaycan Ombudsmanı Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanat yayıb

Xocalı soyqırımını törədənlər layiqli cəzalarını almayıb

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanat yayıb. Ombudsman Aparatının mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, bəyanatda xatırladılıb ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından 23 il ötür: “Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir”.

Bəyanatda vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir: “Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetiriblər.

Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə, məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, layiqli cəzalarını almayıb və bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir. İşğal nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşərək əsas hüquq və azadlıqları kütləvi şəkildə kobudcasına pozulub”.

Bəyanat sənədində xatırladılıb ki, Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürüb: “Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürüb. Lakin Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına və davamlı inkişaf proseslərinə maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə ilk dəfə olaraq, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilmişdir. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altında saxlanılır.

Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb və 1994-cü ilin fevralında Azərbaycan Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Ölkə Prezidenti İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır”.

Bəyanatda qeyd edilib ki, son vaxtlar bütün dünyada haqq işimizin beynəlxalq hüquq müstəvisində təbliği və tanınması istiqamətində müəyyən canlanma duyulur, Xocalıda törədilmiş qanlı qətliam etiraf olunur: “ABŞ-ın Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida və Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub, Xocalıda soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması tələb edilib. Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Artıq Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya və Hondurasın parlamentləri də Xocalı soyqırımını tanıyıblar. Soyqırımı törətmiş şəxslərin cəzalandırılması labüddür. Konvensiyanın 5-ci və 6-cı maddələrinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayəti törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Həmin şəxslər ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.

26 noyabr 1968-ci il tarixli “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq, soyqırımı cinayəti törətmiş məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb olunsunlar.

İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin layiq olduqları cəzanı tezliklə alması üçün səyləri artırmağa çağırıram.

Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikadakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi