Yuxarı

Novruz Məmmədov: "Dağlıq Qarabağ münaqişəsinin həlli faktiki ATƏT-in Minsk qrupunun monopoliyasına çevrilib"

Münaqişənin həlli ilə bağlı hansısa müstəvidə əməli addımlara səy göstəriləndə, bu işlə ATƏT-in Minsk qrupu məşğul olur'' deyə mövqe bildirilir

"Nədənsə bu münaqişəyə "dondurulmuş münaqişə'' adını vermək cəhdləri səngimir. Beynəlxalq birlik cəbhə xəttində baş verən mütəmadi gərginliklərdən narahat olur, lakin hər dəfə proseslərin əsl səbəblərinə diqqət yetirməkdənsə, vəziyyətin yenidən "dondurulması''na can atır"

"Əminliklə demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxması geosiyasi oyunların nəticəsidir. Bu oyunlar davam etdiyi müddətdə həmin nəticə dəyişməyəcək"

Bakı. 8 oktyabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu həmsədrlərinin "Gəl-get diplomatiyası'', regiona "turist səfərləri'' davam edir, fəaliyyət görüntüsü yaradılır. Mahiyyət isə dəyişmir. Bu cür vasitəçilik nə zamana kimi davam edə bilər?".

"Report"un məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda ingilis dilində nəşr olunan ''Caucasus International'' jurnalına müsahibəsində belə deyib. 

N.Məmmədov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, davam edir: "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Lakin nədənsə bu münaqişəyə "dondurulmuş münaqişə'' adını vermək cəhdləri səngimir. Beynəlxalq birlik cəbhə xəttində baş verən mütəmadi gərginliklərdən narahat olur, lakin hər dəfə proseslərin əsl səbəblərinə diqqət yetirməkdənsə, vəziyyətin yenidən "dondurulması''na can atır.

Əminliklə demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxması geosiyasi oyunların nəticəsidir. Bu oyunlar davam etdiyi müddətdə həmin nəticə dəyişməyəcək. Gürcüstan, Moldova və Ukrayna kimi ölkələrdə baş verənlər də bunun bir təzahürüdür.

Belə isə sual yaranır: ATƏT-in Minsk qrupu nə ilə məşğuldur? Bəli, həmsədrlər münaqişənin həlli istiqamətində müəyyən səylər göstərir, bəyanatlar verir, təkliflər irəli sürürlər. Lakin bütün bu təşəbbüslər Ermənistan tərəfindən rədd edilir. Əvəzində həmsədrlər nə edirlər? "Gəl-get diplomatiyası'', regiona "turist səfərləri'' davam edir, fəaliyyət görüntüsü yaradılır. Mahiyyət isə dəyişmir. Bu cür vasitəçilik nə zamana kimi davam edə bilər?"

Prezidenti Administrasiyası rəhbərinin müavini bildirib ki, münaqişənin həllinə münasibətdə bir sıra maraqlı yanaşmalar mövcuddur: "Bir tərəfdən, münaqişənin həlli faktiki ATƏT-in Minsk qrupunun monopoliyasına çevrilib. Müəyyən dairələr də vəziyyətin belə qalmasında maraqlıdırlar. Hər dəfə münaqişənin həlli ilə bağlı hansısa müstəvidə əməli addımlara səy göstəriləndə, "bu işlə ATƏT-in Minsk qrupu məşğul olur'' deyə mövqe bildirilir. Digər tərəfdən isə həmsədrlərdən qəti mövqe tələb olunanda, "problemi münaqişə tərəfləri özləri həll etməlidirlər və biz istənilən həll variantını dəstəkləyəcəyik'' kimi arqumentlər ortaya atılır.

Bu cür vasitəçiliyin mahiyyətində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. İlk növbədə, münaqişə tərəflərinə olan münasibət dəyişməli, konkret və qəti mövqe nümayiş etdirilməlidir. Ermənistanın işğalçı ölkə olduğu faktı etiraf edilməli və təcavüz faktı danışıqlar prosesinin əsasında durmalıdır. Təəssüf ki, biz hələlik bunların heç birini müşahidə etmirik".

N.Məmmədov deyib ki, danışıqların bu şəkildə davam etdirilməsi isə rəsmi Bakını qane edə bilməz: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, danışıqlar naminə danışıqlar aparılmayacaq, Azərbaycan heç bir vaxt torpaqlarının bir qarışının da erməni işğalı altında qalmasına razı olmayacaq və gec-tez öz torpaqlarını azad edəcək. Bununla bağlı həm sülh yolu, danışıqlar yolu, həm də bütün başqa yollar öz qüvvəsində qalır. Düşünürəm ki, həm Ermənistanın, həm də Minsk qrupu həmsədrlərinin bu reallığı dərk etməsi bütün tərəflər üçün faydalı olar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi