Yuxarı

Nazir: “Ermənistan həmişə olduğu kimi, bu dəfə də danışıqlar prosesini yalnız özü bildiyi formada təhrif edib”

“Çox güman, Ermənistanda bəzi şəxslər regionun hələ də keçən əsrin 90-cı illərində olduğunu düşünür”

Bakı. 14 aprel. REPORT.AZ/ "Ermənistan tərəfi həmişə olduğu kimi, bu dəfə də danışıqlar prosesini yalnız özü bildiyi formada təhrif edib. Danışıqlar prosesinin mahiyyətinin təhrif edilməsi və birtərəfli qaydada təqdim edilməsi cəhdləri Ermənistanın münaqişənin həllinə qeyri-ciddi və destruktiv yanaşmasının daha bir göstəricisidir".

"Report"un xəbərinə görə, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişə tərəfi olan Ermənistan və Azərbaycanın razılığı ilə ATƏT-in baş katibinin depozitarisinə təqdim olunan sənədin, bu xüsusda yenilənmiş Madrid Prinsiplərinin qüvvədən düşdüyünü iddia etmək hər hansı məntiqə sığmır. Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətə bəllidir.

Elmar Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir. Bu prinsiplər əsasında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamaq üçün Azərbaycan hazırlığını dəfələrlə ifadə edib.

“Aprelin 2-dən Ermənistanın qoşunlarının təmas xətti boyunca başladığı təxribat və hərbi avantüra bir daha nümayiş etdirdi ki, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Bu, eyni zamanda, regionda sülhün nə qədər kövrək olduğunu göstərdi”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Nazir vurğulayıb ki, çox güman, Ermənistanda bəzi şəxslər regionun hələ də keçən əsrin 90-cı illərində olduğunu düşünür. Region əsaslı dərəcədə dəyişib. Göründüyü kimi, Ermənistandan fərqli olaraq, Azərbaycanın timsalında region ölkələri beynəlxalq və regional səviyyədə daha yetkin siyasi və iqtisadi siyasət yürüdürlər.

Elmar Məmmədyarov deyib ki, Ermənistan rəhbərliyi öz işğalçı qoşunlarını nə qədər tez işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu dərk edərsə, regionda sülh və sabitlik bir o qədər tez təmin oluna bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi