Yuxarı
    Bağlamaq

    Nazarbayev: "Qazaxıstan Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrə əsaslanır"

    Biz bu yolda əlimizdən gələni edirik, məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik

    Bakı. 3 aprel. REPORT.AZ/ "Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bizim səs verdiyimiz Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır".

    "Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

    "Əlbəttə, prezidentlər görüşərkən regional təhlükəsizlik, ümumi təhlükəsizlik problemlərini müzakirə etməyə bilməzlər və bununla əlaqədar Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi kimi əsas diqqətini, əlbəttə, bizim regionumuza və Suriyaya, Əfqanıstan da daxil olmaqla Mərkəzi Asiya regionuna yönəldəcək. Bununla əlaqədar bir daha qeyd edə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstan bizim səs verdiyimiz Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır".

    "Ümumiyyətlə, Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik", - deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi