Yuxarı

NATO-nun xüsusi nümayəndəsi: "Gələn il Azərbaycanla Ermənistan arasında danışıqlar daha səmərəli olacaq"

Ceyms Appaturay: Alyansın sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinədən danışmaq hələ çox tezdir

Bakı. 17 dekabr. REPORT.AZ/ "Münaqişə siyasi cəhətdən tənzimləndikdən sonra NATO-nun sülhməramlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilə bilər".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv olduğu nəzərə alınmaqla, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi nəticəsində NATO Dağlıq Qarabağa sülhməramlı yerləşdirə bilərmi" sualını cavablandıran C.Appaturay deyib ki, hadisələrin bu ssenari ilə inkişafı haqda indidən müzakirə aparmaq hələ tezdir: "Biz münaqişənin tənzimlənməsinə çalışmalıyıq. Mən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirəm və 2016-cı ildə Azərbaycanla Ermənistan arasında danışıqların daha səmərəli olacağını görəcəksiniz".

Xüsusi nümayəndə Rusiya ilə Türkiyə münasibətlərindəki gərginliyin NATO-nun Cənub Qafqazdakı fəaliyyətinə təsir etmədiyini vurğulayıb: "Bu üç dövlətin öz təhlükəsizlik siyasətini müəyyənləşdirməsi ilə razıyıq və buna hörmət edirik. Əməkdaşlıq edərkən NATO-ya üzvlük məcburi deyil. Bizim əməkdaşlıq etdiyimiz ölkələr arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçıları, Avropa İttifaqı, başqa beynəlxalq və regional qurumların üzvləri də var. Məmnunluqla qeyd etmək istərdim ki, NATO-nun Ermənistan və Gürcüstan, yaxud Gürcüstan və Azərbaycanla daha sıx əməkdaşlıq etməsi üçün əsaslarımız mövcuddur. Bütün hallarda dəstəklədiyimiz istənilən əməkdaşlıq fərdi xarakterlidir".

O qeyd edib ki, NATO-nun fəaliyyəti heç bir halda Rusiyadan asılı deyil: "Ona görə də Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin Cənubi Qafqaz ölkələri ilə NATO arasındakı əməkdaşlığa birbaşa təsir edəcəyinə əsas görmürəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi