Müdafiə naziri: "Sülh danışıqları nəticə verməzsə, Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur"

Müdafiə naziri: "Sülh danışıqları nəticə verməzsə, Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur" General-polkovnik Zakir Həsənov Ehtiyat Zabit Hazırlığı kursunu bitirən məzunlarla görüşüb
Qarabağ
5 Noyabr , 2014 20:07

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.

"Report" nazirliyin saytına istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov kursu bitirən məzunlarla görüşüb.

Müdafiə naziri, general-polkovnik Z.Həsənov çıxışında Azərbaycan torpaqlarının 20 faizinin illərdən bəri işğal edildiyini xatırladaraq vurğulayıb ki, bu problemin həll edilməsi üçün əsas məsuliyyət Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür.

"Ölkəmiz neçə illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə sülh danışıqları nəticə verməzsə, Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir".

Cari ilin iyul-avqust aylarında cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladan nazir diqqətə çatdırıb ki, bu gün ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində apardığı əsaslı islahatlar Azərbaycanın düşmənlərini qıcıqlandırmaya bilməzdi: "Bu hadisələr bir daha ordumuzun lazımi qədər hərbi gücə malik olduğunu sübuta yetirdi. İtkilərlə üzləşən düşmən bir daha dərk etdi ki, artıq Azərbaycan real hərbi qüvvəyə malikdir".

Son xəbərlər

Orphus sistemi