Yuxarı

Möhsün Pakayin: "Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik"

İran səfiri: Biz qondarma DQR-i tanımırıq, Azərbaycan torpaqlarının işğalını və separatizmi qəti şəkildə pisləyirik

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Biz coğrafi və dövlət sərhədlərinin dəyişdirilməsinə qarşıyıq".

"Report" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını şərh edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

İran səfiri münaqişənin tezliklə həllini tapacağına ümid etdiyini bildirib: "Bu məsələdə öz imkanlarımızdan yararlanıb yardım etməyə hazırıq."

Tehranda keçirilən idman yarışında erməni iştirakçının geyimində separatçı rejimin bayrağının olmasına münasibət bildirən səfir bu addımın İranın siyasətinə qarşı yönəldiyini deyib.

"Bu addımın məqsədi Azərbaycan və İran arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərmək və kölgə salmaqdır. Biz dərhal buna reaksiya göstərdik. KİV-də bəyanatla çıxış edərək İranın idmandan siyasi məqsədlər üçün istifadəsinə qarşı olduğunu vurğuladıq. Təşkilatçılara xəbərdarlıq edildi və bundan sonra erməni idmançılar idman tədbirlərinə xüsusi nəzarət altında buraxılacaqlar. Doğrudur, İran vətəndaşları olan ermənilər də var, lakin bu idmançılar ölkə xaricindən gəliblər. Biz qondarma Dağlı Qarabağ Respublikasını tanımırıq, Azərbaycan torpaqlarının işğalını və separatizmi qəti şəkildə pisləyirik", - səfir xüsusi vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi