Milli Məclisin sədr müavini: "Türkiyədə son günlər baş verən hadisələr Azərbaycanın hər bir vətəndaşını hiddətləndirdi"

Milli Məclisin sədr müavini: "Türkiyədə son günlər baş verən hadisələr Azərbaycanın hər bir vətəndaşını hiddətləndirdi" "Azərbaycan Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin dəstəyinə ciddi bel bağlayır"
Qarabağ
3 Aprel , 2015 16:34
Milli Məclisin sədr müavini: Türkiyədə son günlər baş verən hadisələr Azərbaycanın hər bir vətəndaşını hiddətləndirdi

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Milli Məclisin (MM) sədr müavini Bahar Muradova ilə görüşüblər. “Report”un xəbərinə görə, qonaqları MM sədri Oqtay Əsədovun adından salamlayan vitse-spiker deyib ki, Azərbayacan və Türkiyə arasında münasibətlər təkcə iki ölkə arasındakı münasibətlər deyil, iki qardaş xalqın əsrlərin sınağından çıxmış milli, dini ənənələrinə, tarixi birliyinə söykənir: “Ona görə də biz belə səfərlərin hər birini bugünkü qarışıq dünyada çox vacib hesab edirik. Çünki bu siyasi, dini, mədəni, birlik, qardaşlıq belə qarışıq məqamda hədəfləri düzgün müəyyən etməyə, problemlərimiz və uğurlarımızı bir gücə çevirərək hədəflərimizə çatmaq istiqamətində səyləri artırmağa xidmət edir. Azərbaycan və Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir”.

Vitse-spiker qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri arasında çox ciddi dostluq əlaqələri mövcuddur. B.Muradova vurğulayıb ki, bu gün dünyada çox ağır bir durum var: “Bizi hər yandan təhlükələr təhdid edir. Eyni zamanda, bütün dünya ölkələri və xalqlarını bu təhlükələr təhdid etməkdədir. Bu təhlükələri önləmək, qarşısını almaq üçün ölkələrin üzərinə çox ciddi vəzifələr düşür”.

Vitse-spiker Türkiyənin KİV nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib: “Dağlıq Qarabağ münaqişəsi və qondarma “erməni soyqırımı" məsələsi ölkə içində olduğu kimi, beynəlxalq arenada da Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət proqramı müəyyənləşdirməsini tələb edir. Son illər bu istiqamətdə ciddi fəaliyyət gedir. Ərazilərinin işğalı problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan problem haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin dəstəyinə ciddi bel bağlayır”.

B.Muradova Azərbaycanın turizm imkanlarından da danışıb. O bildirib ki, yaradılan turizm infrastrukturu ölkənin dünyada tanınmasına xidmət edən amillərdən biridir: “İlin istənilən fəsilində Azərbaycanda idman və turizm sahəsində aktivlik müşahidə olunur. Məhz buna görə də ölkəmiz xarici turistlərin ən çox maraq göstərdiyi məkana çevrilib”.

B.Muradova Türkiyədə son günlər baş verən hadisələrə görə Azərbaycanın hər bir vətəndaşının üzüldüyünü və hiddətləndiyini vurğulayıb.

Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim isə çıxışında qonaqpərvərliyə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb: “Ötən il Əskişəhərdə biz 350 qəzetçinin iştirakı ilə I Türk Dünyası Qəzetçilər Şurası adlı konfrans keçirdik. Hər il Türk Dünyasının fərqli şəhərində belə konfransı keçirmək niyyətindəyik. Bununla bağlı işlər gedir. Növbəti belə konfrans Qazaxıstanda keçiriləcək. Amma biz Azərbaycanda da belə konfransı keçirmək niyyətindəyik. Fürsətdən istifadə edərək bu təklifimi sizə təqdim edirəm”.

Görüşün sonunda Bahar Muradova türkiyəli KİV nümayəndələrinin suallarını cavablandırıb. Qeyd edək ki, türkiyəli KİV nümayəndələrinin Azərbaycana səfəri aprelin 5-dək davam edəcək. Səfərdə məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətində aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi