Yuxarı

Millət vəkili AB və ABŞ-ı Ermənistana göstərilən yardımları kəsməyə çağırıb

ABŞ yardımlarını Ermənistandan kəsmiş olsa bu daha müsbət nəticə verə bilər

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Parlamenti Avropa Birliyini və ABŞ-ı Ermənistana göstərilən yardımları kəsməyə çağırıb. "Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.

O qeyd edib ki, ötən gün Brüsseldə Avropa Birliyi xarici işlər nazirləri Krıma qarşı sanksiyaları növbəti dəfə razılaşdırdılar: “Onlar diplomatlarının hər hansı şəkildə ora göndərilməsini qadağan edirlər. 50 adda məhsulların oradan alınmasına qadağa qoyurlar, eyni zamanda maliyyə-bank sektorunda bütün əməkdaşlıqların ciddi şəkildə qadağan edilməsini razılaşdırırlar. Bunun yaxşı və ya pis olması gələcək dövrdə özünü göstərəcəkdir. Amma Avropa Birliyi eyni sanksiyaları Dağlıq Qarabağa münasibətdə də tətbiq etməlidir”.

Z.Oruc ABŞ Konqresinin Ermənistana maliyyə yardımı məsələsinə də toxunub: “3 gün öncə ABŞ Konqresi xarici yardımlarla bağlı məsələni razılaşdırıb. Gürcüstana 75 milyon, Ermənistana 25 milyon və Azərbaycana 13 milyon dollar yardım etmək haqqında qərar verdi. Biz pul davası açmırıq. Ulu öndər 1999-cu ildə ABŞ rəhbərləri ilə görüşdə demişdir ki, 907-ci düzəliş bizi o cəhətdən ağrıtmır ki, siz bizim azadlığımıza dəstək vermək istəmirsiniz, o cəhətdən ağrıdır ki, bu mənəvi və siyasi cəhətdən bizə mane olur”.

Z.Oruc qeyd edib ki, ABŞ yardımlarını Ermənistandan kəsmiş olsa, hansı ki, 20 il ərzində bu rəqəm 2 milyard dollardan artıqdır, bu daha müsbət nəticə verə bilər:

“Bu vəsaitlər Ermənistanı demokratikləşdirməyib, bölgədəki təhlükəsizliyə xidmət etməyib. Hesab edirəm ki, Avropa Birliyi də, ABŞ da o yardımları Ermənistandan kəssə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox təsirli bir tədbir olar. Onda biz ABŞ ilə Azərbaycan münasibətlərinin daha yeni bir dönəmdə inkişafının şahidi olarıq. Ona görə mən həm Avropa Birliyinə, həm də ABŞ-a müraciət edirəm ki, bu yardımları dayandırsınlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi