Metyu Brayza: "Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar yeni səviyyəyə keçib"

Metyu Brayza: "Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar yeni səviyyəyə keçib" "ATƏT-in Minsk qrupu təmas xəttində insidenti diqqətli şəkildə araşdırmalıdır"
Qarabağ
14 Noyabr , 2014 08:53
Metyu Brayza: Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar yeni səviyyəyə keçib

Bakı. 14 noyabr. REPORT.AZ/ "Ermənistan helikopterinin Azərbaycanın Ağdam rayonunda qoşunların təmas xəttində uçması və vurulması məlumatı ATƏT-in MQ tərəfindən diqqətli şəkildə araşdırılmalıdır".

Bunu "Report"a ATƏT-in MQ-nin keçmiş amerikalı həmsədri, Müdafiə Məsələləri üzrə Beynəlxalq Mərkəzin eksperti Metyu Brayza bildirib. 

Onun fikrincə, qoşunların təmas xəttində istənilən təxribatlar "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ciddi maneədir, eləcə də açıq qarşıdurmalara gətirib çıxara bilər".

M.Brayza qeyd edib ki, "indiki vəziyyət narahatlıq doğurur, xüsusilə də Rusiyanın Ukraynaya müdaxiləsi Azərbaycan və Ermənistan da daxil olmaqla, bütün qonşu ölkələrdə gərginliyin artmasına səbəb olur".

M.Brayza Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki görüşünə də toxunub. Onun sözlərinə görə, görüş Fransa prezidentinin Dağlıq Qarabağda münaqişənin həllinin vasitəçilik prosesində şəxsi iştirakını təmin etdiyinə görə böyük əhəmiyyət kəsb edib. "Əgər prezident Olland Minsk qrupu çərçivəsində bu təşəbbüsünü davam etdirərsə və prezident Obama bu məsələyə qoşularsa, onda münaqişənin vasitəçilik missiyasinda tərəqqiyə nail olmaq olar. Əgər bu, belə olmazsa, onda Paris görüşü adi görüşlərdən heç nə ilə fərqlənməyəcək".

M.Brayzanın fikrincə, bir müddət əvvəl V.Putin Rusiyanın ünvanına tənqidi tonunu yumşaltmaq və Aİ-nin gələcək sanksiyalarından xilas olmaq üçün ATƏT-in MQ çərçivəsində daha fəal olmağa qərar verib. "Fransa prezidenti və ABŞ dövlət katibinin artan fəallığı Rusiya prezidentinin bir müddət öncəki fəallığına cavab hərəkətidir. Buna görə də düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar yeni səviyyəyə keçib. Lakin yanılsam, buna yalnız şad olaram".

Son xəbərlər

Orphus sistemi