Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Memarlar İttifaqı (AMİ) İdarə Heyətinin Bakıda "Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti" mövzusunda plenumu keçirilib.
"Report" xəbər verir ki, tədbirdə AMİ-nin İdarə Heyətinin üzvləri, memarlar, xarici nümayəndələr, KİV nümayəndələri iştirak ediblər.
AMİ İdarə Heyətinin sədri Elbay Qasımzadə Qarabağda olan memarlıq abidələrinin hazırkı vəziyyəti barədə qısa məlumat verərək bildirib ki, uzun illərdir ermənilər Qarabağda yerləşən Azərbaycan abidələrinin məhv olunması, orada Azərbaycan tarixinin silinməsi üçün çox böyük işlər görürlər: "Onlar çalışırlar ki, həmin ərazilərdə Azərbaycana aid heç bir şey qalmasın".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, AMİ-nin katibi, professor Gülçöhrə Məmmədova "Qarabağ. Dağılan memarlıq irsimiz" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, hazırda Qarabağda olan memarlıq irsimiz barədə dolğun məlumat yoxdur: "Bu gün Qarabağda nə baş verdiyini bilmirik. Orada mənəvi terror gedir. Şuşa yarımdağıdılmış vəziyyətdədir, orada çoxsaylı abidələr, yaşayış binaları darmadağın edilib. Tarixi mağaralar hərbi məqsədlə istifadə olunur".
Tədbir ərzində bir neçə məruzəçi çıxış edib.
Bundan sonra AMİ İdarə Heyəti plenumunun qətnaməsi və plenum iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti oxunub.