Yuxarı
    Bağlamaq

    MDB İcraiyyə Komitəsinin sədri: "Ümid edirəm ki, təmas xəttində insident hər hansı bir ciddi nəticələrə səbəb olmayacaq"

    Sergey Lebedev münaqişə tərəfləri arasında dialoqun bərpa olunacağına ümidvar olduğunu bildirib

    Bakı. 14 noyabr. REPORT.AZ/ MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən insidenti şərh edib. 

    S.Lebedev "Report"a bildirib ki, o, iki qonşu dövlət arasında istənilən gərginliyin artmasını böyük təşviş və narahatlıqla izləyir: "Ümid edirəm ki, təmas xəttində insident  hər hansı bir ciddi nəticələrə səbəb olmayacaq, münaqişə isə siyasi səviyyədə həll olunacaq" - deyə, o, əlavə edib. 

    MDB İcraiyyə Komitəsinin sədri münaqişə tərəfləri arasında dialoqun bərpa olunacağına ümidvar olduğunu bildirb. "Biz MDB-də Soçi və Parisdə keçirilən üçtərəfli görüşləri böyük sevinclə müşahidə edirdik. Mən ümid edirəm ki, bu dialoq davam etdiriləcək".

    Münaqişə tərəflərinin dialoquna dəstək vermək üçün MDB-nin hansı addımları ata biləcəyinə gəldikdə, S.Lebedev bildirib ki, səylər daim edilir: "Mən MDB çərçivəsində bir çox yüksək səviyyəli görüşlərin iştirakçısıyam və açıq demək istəyirəm ki, bütün MDB prezidentləri münaqişənin Azərbaycan və Ermənistan xalqlarının maraqlarına uyğun  həll olunmasına ümid edirlər. Bu və ATƏT-in Minsk qrupunun səyləri bir nəticə verməlidir. Mən buna çox ümid edirəm".

    Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi