Madey Robert: "​Bu gün Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi təəssüf doğurur"

Madey Robert: "​Bu gün Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi təəssüf doğurur" Fuad Hüseynov Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşüb
Qarabağ
10 Aprel , 2015 16:47
Madey Robert: ​Bu gün Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi təəssüf doğurur

Bakı. 10 aprel. REPORT.AZ Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkədə səfərdə olan Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a Komitədən məlumat verilib.

Sədr müavini F.Hüseynov qeyd edib ki, son vaxtlar dünyada və regionda baş verən proseslər fonunda hər iki ölkə arasında yaranmış bu cür dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi böyük önəm daşıyır.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun yaranma səbəbləri və tarixi kökləri barədə qonaqlara məlumat verən Komitə sədrinin müavini bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının neçə illərdir ki, qaçqın və məcburi köçkün həyatı yaşamasının bu gün Azərbaycanın ən ağrılı və bir nömrəli problemi olduğunu bir daha diqqətə çatdıraraq münaqişənin həllinin uzandığından, Ermənistanın işğalçılıq siyasəti yürüdərək hətta nüfuzlu beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymamasından, işğalçı ölkəyə qarşı ciddi tədbirlər görülməməsindən təəssüfləndiyini bildirib.

Azərbaycanın Cənubi Qafqaz bölgəsində ən güclü iqtisadiyyata malik olduğunu, hərtərəfli inkişaf etdiyini bildirən F.Hüseynov vurğulayıb ki, məhz bu inkişaf nəticəsində ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında inamlı addımlar atılıb ki, bu da nüfuzlu beynəlxalq qurum və təşkilatların rəsmiləri tərəfindən dünyada oxşar problemlərlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib: "Ölkədəki qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələr və yaşayış kompleksləri tikilib istifadəyə verilir, daha ağır şəraitdə yaşayan məcburi köçkünlər bu qəsəbələrdə yeni mənzillərlə təmin olunurlar. İndiyədək bu məqsədlə 90 müasir qəsəbə salınmış və 240 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Məcburi köçkünlərə kommunal xidmət xərclərinin ödənilməsi, onların məşğulluqlarının təmin olunması, yoxsulluğun azaldılması və bu kimi digər məsələlər daim dövlətin diqqət mərkəzindədir".

Bütün bunlarla yanaşı, dünya ictimaiyyətinin, nüfuzlu beynəlxalq qurumların, xüsusilə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin vaxtında bu problemin həlli istiqamətində qətiyyətli addımlar atmaması nəticəsində vəziyyət dəyişmədiyindən hələ də on minlərlə məcburi köçkünün ağır vəziyyətdə yaşadığını deyən F.Hüseynov onu da bildirib ki, bu qəbildən olan vətəndaşlarımız üçün hərtərəfli şərait yaradılsa belə, onlar yenə də ancaq öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar.

Ölkədəki qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər barədə hərətərfli məlumata görə minnətdarlığını ifadə edən Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olunması istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayaraq artıq dünyanın inkişaf etmiş ölkələrindən olan Azərbaycanın bu gün qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyindən təəssüfləndiyini bildirib, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasındakı əlaqələrin inkişafına dəstək verilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti F.Hüseynovun müşayiəti ilə Azərbaycan Texniki Universitetinin yataqxanasında, həmçinin Azərbaycan dövləti tərəfindən məcburi köçkünlər üçün Abşeron rayonu Masazır qəsəbəsində salınmış 760 ailəlik qəsəbədə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat və məişət şəraitləri ilə yerində tanış olublar.

Son xəbərlər

Orphus sistemi