Yuxarı

Müdafiə Nazirliyi: “Ermənistan tərəfi avqust-iyul aylarında ölü və yaralı olaraq 70-dək itki verib”

Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Ermənistan Respublikasının kütləvi informasiya vasitələri həmişə olduğu kimi növbəti dəfə özlərinin qeyri-hökumət təşkilatları, sosial mediaları vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında erməni ictimaiyyəti üçün dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir”. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Bəyanatda vurğulanıb ki, cari ilin iyul-avqust aylarında erməni kəşfiyyat-təxribat qruplarının Azərbaycan mövqelərinə hücum etmək cəhdlərinin qarşısının alınması zamanı ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi ordunun onlara vurduğu sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edirlər: “Ermənistan Respublikasında hakimiyyətə qarşı başlanan kütləvi aksiyalardan, daxili çəkişmələrdən qorxuya düşən cinayətkar Yerevanın hərbi-siyasi rejimi cəbhədə verdiyi itkiləri azaldaraq, əhalinin fikrini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin pozulması haqqında təxribat və dezinformasiya xarakterli şişirdilmiş məlumatlar yaymaq vərdişindən əl çəkmir”.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, müdafiənin ön xəttində yerləşən Azərbaycan bölmələri erməni tərəfinin istənilən təxribatının qarşısını almağa və onu darmadağın etməyə hazırdır: “Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda həmişə döyüşə hazır olan əsgər və zabitlərimiz müdafiə nazirinin əmrinə əsasən şəhid olan və yaralanan hər bir hərbçimizin qisasını düşməndən birə on qat artıqlaması ilə alırlar və bundan sonra da alacaqlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi