Yuxarı

Lüksemburqda Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilib

“Sonsuz dəhliz” sənədli filminin nümayişi və kitabının təqdimatı keçirilib

Bakı. 17 fevral. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası artıq neçə illərdir ki, dünya ölkələrində, o cümlədən Avropa dövlətlərində uğurla davam etdirilir.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, kampaniya çərçivəsində faciənin 23-cü ildönümü ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Lüksemburqda “Sonsuz dəhliz” sənədli filminin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı keçirilib.

Lüksemburqla yanaşı, qonşu ölkələrdən, o cümlədən Fransa və Belçikadan ictimai-siyasi xadimlərin, tanınmış insanların iştirak etdikləri tədbiri açan Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Mari Letitia Qurdən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından bəhs edib. O, bu səpkidə tədbirlərin də həmin kampaniya çərçivəsində keçirildiyini vurğulayıb.

Mari Letitia Qurdən Xocalı dəhşətlərinin tarixi haqqında iştirakçılara məlumat verib. Azərbaycan ərazilərinin işğalı prosesində Xocalının dinc azərbaycanlı əhalisinə qarşı bu cinayətin Ermənistan ordusu tərəfindən törədildiyini diqqətə çatdırıb. O, tədbir iştirakçılarına təqdim olunan sənədli filmin və kitabın da real faktlara əsaslanaraq hazırlandığını qeyd edib.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov çıxışında bildirib ki, Xocalı soyqırımı Ermənistan tərəfindən törədilmiş və bəşəriyyət əleyhinə indiyə qədər həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Eyni zamanda, bu qətliam Azərbaycan xalqının müstəqillik tarixinin ilk illərində üzləşdiyi ən faciəli hadisələrdəndir. Xocalıda baş vermiş bu soyqırımının dünya ölkələrinə və xalqlarına olduğu kimi tanıdılması istiqamətində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində mühüm işlər görüldüyünü xatırladan diplomat sıx əməkdaşlıq etdikləri Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Lüksemburqda belə bir tədbirin keçirilməsinin önəmini vurğulayıb.

Çıxışlardan sonra litvalı prodüser Alksandras Brokasın hazırladığı sənədli film nümayiş etdirilib. Britaniyalı aktyor Ceremi Ayronzun səsləndirdiyi filmin premyerası ötən il Londonda keçirilib. Xocalı soyqırımı şahidlərinin, bu faciədən zamanında xəbərlər hazırlamış jurnalistlərin iştirakı ilə çəkilmiş sənədli filmdə bəşəriyyət əleyhinə olan bu cinayətin Ermənistan tərəfindən məqsədli şəkildə törədildiyi sübut edilib. Erməni vandalizminin dövlət səviyyəsində törətdiyi dəhşətlər, dinc Xocalı sakinlərinə vəhşicəsinə tutulan divan filmdə öz əksini tapıb.

Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərovun baş redaktoru olduğu və Londonda ingilis dilində nəşr edilən “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatında isə naşirlərdən Yan Peart çıxış edərək Xocalı qətliamının XX əsrin ən faciəli hadisələrindən biri olduğunu vurğulayıb.

Kitabda dünya KİV-lərində Xocalı soyqırımı haqqında çap edilən məqalələr, elmi araşdırmalar, həmçinin xarici fotomüxbirlərin nadir fotoları da yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi