Yuxarı
    Bağlamaq

    Londonda “Xocalı-25” adlı musiqili anım tədbiri keçirilib

    Tədbir 265 minlik auditoriyası olan LİVE televiziyası ilə canlı yayımlanıb

    Bakı. 25 fevral. REPORT.AZ/ Dünən Londonun məşhur “Covent Garden” konsert zalında “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində 26 fevral 1992-ci il tarixində Xocalıda baş vermiş soyqırımının 25-ci ildönümünü anmaq üçün müxtəlif millətlərin nümayəndələri bir araya gəlib.

    “Report” xəbər verir ki, üç yüzə yaxın tamaşaçının qatıldığı bu tədbir 265 min nəfərlik auditoriyası olan London LİVE televiziyası ilə canlı yayımlanıb.

    Anım konsertində Londonda yaşayan məşhur azərbaycanlı klassik musiqiçi və vokalçıları iştirak ediblər.

    Gecədə Fikrət Əmirovun pianoçu nəvəsi Günel Mirzəyeva beş miniatür ifa edib. Daha sonra soprano səsinə malik Selcan Nəsibli 1953-cü ildə yazılmış “Sevil” operasından “Sevil”in ariyasını oxuyub.

    Pianoçu Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev Şopenin və Raxmaninovun populyar əsərlərinə müraciət ediblər. Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlandıran "Xocalı 613" əsərinin ifası ilə yekunlaşıb. Burada hücumun, pulemyotların, qışqırığın və ağlaşmanın səsləri skripkanın, klarnetin və simli musiqi alətləri kvartetinin köməyi ilə verilib. Bu səslər azərbaycanlı skripkaçı Nazrin Rəşidova, latviyalı klarnetçi Anna Qaqane və Fransanın “Quatuor Chagall” adlı kamera ansamblının birgə ifa etdikləri Azərbaycan xalq musiqisi ilə dəstəklənib.

    Konsert iştirakçılarının hər birinə bu möhtəşəm konsertin CD diski təqdim olunub.

    Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter Xocalıya həsr olunmuş anım gecəsini belə şərh edib: "Bu gecə bizə insanın vəhşi ola bilməsini, müharibənin isə ağır nəticələrə malik olmasını xatırlatdı. Bu gecə həm də Xocalı soyqırımının kimlər tərəfindən təşkil edildiyinin məlum olduğunu bildirdi.

    Ədalət BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi qətnamələrin icra edilməsini tələb edir. Ədalət həmçinin Ermənistan rəhbərliyinin tutduğu cinayətlərə görə cavab verməsini tələb edir. İnanın mənə, xanımlar və bəylər, Xocalı ədaləti öz yerini ya bu dünyada, ya da o axirətdə mütləq tapacaq.

    Ermənistan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir. Azərbaycan ərazisinin 20 faizi işğal olunub, bir milyona yaxın əhalisi isə qaçqın və məcburi köçkün həyatını yaşayır. Bu tədbir Xocalı qurbanları və ata-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayan azərbaycanlılara həsr edilib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi