Litvada Xocalı soyqırımının anım mərasimi keçirilib

Litvada Xocalı soyqırımının anım mərasimi keçirilib Bakı. 26 fevral. REPORT.AZ/ Xocalıya ədalət beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Litvadakı Səfirliyinin dəstəyi ilə Klaypeda azərbaycanlılarının Azəris Cəmiyyəti soyqırıma həsr edilmiş anma mərasimi keçirib.
Qarabağ
26 Fevral , 2018 03:48
Litvada Xocalı soyqırımının anım mərasimi keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Litvadakı Səfirliyinin dəstəyi ilə Klaypeda azərbaycanlılarının "Azəris" Cəmiyyəti soyqırıma həsr edilmiş anma mərasimi keçirib.

Azərbaycan Respublikasının Litvadakı Səfirliyindən "Report"a verilən məlumata görə, Klaypeda şəhərinin Milli mədəniyyətlər sarayında keçirilən tədbirdə şəhər administrasiyasının nümayəndələri, xarici ölkələrin fəxri konsulları, milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, "Azəris" Cəmiyyətinin sədri Əliağa Məmmədov tədbir iştirakçılarına xalqımızın XX əsrdə yaşadığı ən dəhşətli faciəsi barədə geniş məlumat verib, Xocalı soyqırımını törədənlərin hələ də cəzalandırılmadığını diqqətə çatdırıb.

Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünyanın bir sıra ölkələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlərin təşkil edildiyini qeyd edib, Azərbaycan xalqının kədərinə şərik olan hər kəsə təşəkkürünü bildirib.

Sonra azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərinə şahidlik edən litvalı hərbi jurnalist Riçardas Lapaytis çıxış edib. Litva Jurnalistlər İttifaqının üzvü deyib: "Mən sizə öz gözlərimlə gördüyüm haqda danşmaq istəyirəm. Azərbaycana gələndə 23 yaşım var idi. Bu yaşda bir gəncin Qarabağda gördüyü dəhşətləri bir anlıq gözünüzün önünə gətirin. Evə qayıdanda gördükərimi yazdım. İlk əvvəl Litvada mənə inanmadılar, deyirdilər: “Axı bu necə ola bilər? İndiki dövrdə insanlar bunu necə edə bilərlər?”. Xocalıları onların pənah yeri olan Ağdam şəhəri ilə cəmi on yeddi kilometr məsafə ayırırdı. Bir tərəfdə ölüm, o biri tərəfdə həyat, bir tərəfdə insanlıqdan çıxmış orta əsr düşüncəli vəhşilərin yaratdığı mühit, digər tərəfdə son quru çörəyini paylaşan insanlar. Bir tərəfdə iblisə xidmət edənlər, o biri tərəfdə haqqa, ədalətə inananlar. Cəmi 17 km. Bu dəhliz milyonlarla insanın ümid yeri idi, lakin bəşəriyyətin qara ləkəsinə çevrilən sonsuz bir məsafə oldu.

Dinc sakinlərə hücum edənlər arasında xüsusi döyüş təcrübəsi keçmiş altı qrupdan ibarət quldurlar var idi. Onlar Suriya və Livan ermənilərindən və Əfqanıstan savaşı görmüş cəlladlardan təşkil olunmuşdular. Bu gün yerli camaatın hansı vəziyyətdə olduğunu belə təsəvvür etmək çox çətindir. Daim gülləbaran altında, yanvardan işıq verilmir, qida və ərzaq göndərilmir, komendant saatı, mağazalar işləmir, şəhərdə su qıtlığı... Şaxtalı bir gündə donmuş ayaqları ilə ayaqyalın sanitar qatarına gələnlər onlara kömək olunacağına ümid edirdilər. O qorxunc fevral günləri qar qan rənginə boyanmışdı. Əsir düşənlər üçün Əsgəran qalası tam bir cəhənnəmə dönmüşdü. Orada qadınları zorlayır, kişilərə divan tuturdular. Gördüklərimi heç kabus dolu yuxuda da görə bilməzsiniz.

Bu gün də mənim Xocalı yaram sızlayır. Günahsız öldürülənlər, onların yaxınları qarşısında baş əyirəm və öz gözlərimlə gördüyüm o dəhşətli soyqırıma şahidlik etməyi hər fürsətdə özümə borc bilirəm".

Sonra Klaypeda şəhərində fəaliyyət göstərən Azərbaycan bazargünü məktəbinin müəlliməsi Rəna Məmmədovanın təşkilatçılığı ilə litvalı musiqiçilər Anastasiya, Natalya və Andrey Vostryakovların ifasında xatirə rekviyemi ifa olunub, məktəbli Məhəmməd və Mahmud Məmmədov qardaşları Xocalı faciəsinə həsr edilmiş şeir səsləndiriblər.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan sənədli film Litva dilində nümayiş olunub, Xocalı faciəsinə aid kitab və broşürlər paylanılıb. Tədbir iştirakçıları “Xocalı” sözünün yazıldığı xüsusi kompozisiyada 613 ədəd şam yandırıblar.

Anım mərasimi haqqında, yerli kütləvi informasiya vasitəslərində yazılar dərc olunub və reportajlar yayımlanıb. 

Son xəbərlər

Orphus sistemi