Kristian Vigenin: "Biz regiona sülh gətirməliyik"

Kristian Vigenin: "Biz regiona sülh gətirməliyik" "Artıq status-kvonu dəyişməyin vaxtı çatıb"
Qarabağ
28 May , 2016 11:49
Kristian Vigenin: Biz regiona sülh gətirməliyik

Bakı. 28 may. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenin qarşıdakı həftələrdə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə gələcək ünsiyyət və parlament səviyyəsində mübadilə ilə bağlı bir neçə konkret ideya təklif etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə K.Vigenin regiona səfərinin yekunları barədə danışarkən məlumat verib.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində parlamentlərarası əlaqələri inkişaf etdirmək zəruridir. Qəbuledilməz insan itkiləri ilə nəticələnən status-kvonu dəyişməyin vaxtı çatıb. Biz səylərimizlə bu qeyri-stabil regiona sülh gətirməliyik", - deyə K.Vigenin bildirib.

O, təmas xəttində baş verən insidentlərin araşdırlması mexanizmi ilə bu yaxınlarda əldə olunan razılaşmanı, həmçinin ATƏT-in Dağlıq Qarabağ münaqişəsi zonasında iştirakı ilə bağlı qərarı vacib və müsbət addım adlandırıb.

"Həm Azərbaycanda, həm də Ermənistanda hökuməti yaxın gələcəkdə bu razılaşmalara əsaslanmağa çağırdım. Hərtərfli sülh razılaşmasının geniş siyasi iradəsinin artırılması məqsədilə parlament səviyyəsində istər regiondakı, istərsə də ondan kənardakı parlamentarilərlə işə davam etməyi planlaşdırıram", - deyə K.Vigenin vurğulayıb.

Xüsusi nümayəndə bir daha ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini bildirərək münaqişənin hərbi həllinin ola bilməyəcəyini xatırladıb.

"Məsələnin sülh yolu ilə həllinə töhfə verməyə çalışdıqları üçün Minsk qrupu və onun həmsədrlərini tam dəstəkləyirəm. Onların səylərinə dəstək vermək üçün mən də qarşıdakı həftələrdə həmkarlarıma Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə gələcək ünsiyyət və parlament səviyyəsində mübadilə ilə bağlı bir neçə konkret ideya təklif etmək niyyətindəyəm", - deyə K.Vigenin bildirib.

O əlavə edib ki, iyulun 1-5-də Tbilisidə keçiriləcək ATƏT-in Parlament Assambleyasının illik iclası ilkin müzakirələr üçün platforma rolunu oynaya bilər.

Qeyd edək ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi