Yuxarı

Komitə sədri: “Əgər ermənilərin əlində dedikləri “soyqırımı” sübuta yetirəcək sənəd varsa, bunu ortaya qoymalıdırlar”

Bakıda “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilir

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və AMEA-nın Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilir. “Report” xəbər verir ki, tədbirdə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, hakim partiyanın üzvləri və deputatlar iştirak edir.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, tarixdən ibrət götürməyənlər mütləq cəzalarını alacaqlar: “Ermənilərin uydurduğu yalanların faş olunması üçün həm Türkiyə, həm də Azərbaycan elm adamları xeyli iş görüblər. Türkiyə tərəfi beynəlxalq miqyasda öz mövqeyini hər zaman açıqlayıb. Onlar hər zaman faktlar və dəlillərlə çıxış ediblər. Burdan ermənilərə səslənirəm ki, əgər onların əlində dedikləri “soyqırımı” sübuta yetirəcək hər hansı sənəd varsa, o zaman bunu ortaya qoymalıdırlar. Lakin hələ də ortada heç nə görməmişik”.

M.Qurbanlı onu da qeyd edib ki, Azərbaycan alimləri müstəqillik illərində ermənilərin törətdiyi soyqırımla bağlı xeyli araşdırma aparıblar: “Hər kəsə çox yaxşı məlumdur ki, əslində soyqırımı törədənlər məhz ermənilərdir. Artıq onların törətdikləri cinayətlər üzə çıxmaqdadır. Bilirik ki, qərb dairələrində məsələ siyasiləşdirilir və bu mövzu Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunur. Soyqırımı kimin törətdiyini araşdırmaq üçün 100 il əvvələ qayıtmaqdansa, 25-30 il əvvələ qayıtmaq yetərlidir. Ermənilər sadəcə tarixi təhrif edərək həqiqəti qəbul etmək istəmirlər”.

Tədbir mövzu ətrafında çıxışlarla davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi