Bakıda “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib

Bakıda “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib "Dağıdılan abidələr içərisində yalnız müsəlman abidələri deyil, eyni zamanda xristian alban məbədləri də var"
Qarabağ
5 Mart , 2015 15:35
Bakıda “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib

Bakı. 5 mart. REPORT.AZ/  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupu ilə birgə “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfrans keçirib.

“Report”un məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı, müvafiq dövlət qurumlarının əməkdaşları, QHT rəhbərləri, dini konfessiyaların nümayəndələri, alimlər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı işğal altında qalan abidələrimizdən danışaraq qeyd edib ki, Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətləri, işğal altındakı bütün maddi irsin məhv edilməsi faktları dünya ictimaiyyətinə çatdırılmalıdır. Dövlət Komitəsinin sədri bildirib ki, işğal olunmuş ərazilərimizdə çoxlu sayda həm tarixi, həm də dini abidələrimiz məhv edilib. Onların içərisində məscidlər, kitabxanalar və mədəniyyət ocaqları var. Dağıdılan abidələr içərisində yalnız müsəlman abidələri deyil, eyni zamanda xristian alban məbədləri də var.

İşçi Qrupunun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı konfransda əsas məruzə ilə çıxış edərək bildirib ki, erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tədqiqini, habelə onların Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən dəyərləndirilməsini zəruri edir. O qeyd edib ki, memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr, ziyərətgahlar və digər inanc yerləri olub. Ermənilərin bütün bu vandallıqları, Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinə dəyən zərər beynəlxalq standartlara uyğun qiymətləndirilməlidir. Xanhüseyn Kazımlı qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bu kimi vəzifələrin həllinə nail olmaq üçün Avroasiya Qiymətləndiricilər Assosiasiyası qarşısında hələ 2014-cü ildə münaqişə, müharibə və tələfatlara görə itkilərin hesablanması üzrə Beynəlxalq Standartların qəbul edilməsi barədə məsələ qaldırılıb. Azərbaycan nümayəndə heyətinin həmin beynəlxalq qurumun üzvü olaraq qaldırdığı məsələ hələ bir il bundan əvvəl qəbul olunub və qeyd olunan Standartın layihəsinin hazırlanması Azərbaycan tərəfinə həvalə edilib.

Konfransda bildirilib ki, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 901, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500, beynəlxalq əhəmiyyətli abidələrin sayı 13, qəbiristanlıqların sayı 900-dür.

Tarix və Mədəniyyət abidələri üzrə İctimai Birliyin sədri, İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü Faiq İsmayılov, "MAK Consalting-Bakı LTD"nin baş direktoru, İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü Zamin Hüseynov,“MBA LTD” Qiymətləndirmə Şirkətinin prezidenti, Sosial-iqtisadi və Ekoloji İnkişaf Birliyinin sədri Rahilə Mehdiyeva çıxış edərək, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılmış, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirələrin və diskussiyaların aparılmasının, bu barədə cəmiyyətin və beynəlxalq qurumların məlumatlandırılmasının zəruriliyini vurğulayıblar.  

Son xəbərlər

Orphus sistemi