İlham Əliyev Sankt-Peterburq görüşünün detallarına aydınlıq gətirib

İlham Əliyev Sankt-Peterburq görüşünün detallarına aydınlıq gətirib Bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir
Qarabağ
25 İyun , 2016 23:35
İlham Əliyev Sankt-Peterburq görüşünün detallarına aydınlıq gətirib

Bakı. 25 iyun. REPORT.AZ/ "Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edilib. O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir".

“Report” xəbər verir ki, bunu prezident İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olduqdan sonra onlarla görüşündə deyib.

"Mən öz tərəfimdən qeyd etmək istəyirəm və hesab edirəm ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var. Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcək. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır", - deyə dövlət başçısı bildirib.

Prezident Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamənin qəbul edildiyini və burada hər şeyin, xüsusilə, məsələnin həlli yollarının göstərildiyini qeyd edib: 

"Bununla bərabər, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edilib. Düzdür, orada say göstərilmir. Ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni, burada böyük missiyadan söhbət getmir. Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaqdır, vəssalam".

İlham Əliyevin sözlərinə görə, "o ki qaldı ermənilərin şərt kimi ortaya qoyduqları insidentlərin araşdırılması mexanizminin tətbiqinə, hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur".

"Birincisi, bu mexanizmlər yoxdur. Bizə heç kim konkret demir ki, bu, nədən ibarət olacaq. Belə olan halda, bu məsələyə bu gün baxmaq düzgün olmazdı. İkincisi, bunun mənası nədən ibarətdir. Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək. Bu, o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər". 

O, həmçinin Sankt-Peterburqda qəbul edilən bəyanatda bir mühüm məsələyə də toxunub:

"Mən Sankt-Peterburqda qəbul etdiyimiz bəyanatda bir mühüm məsələyə də toxunmaq istəyirəm. Orada qeyd edildi ki, son vaxtlar təmas xəttində vəziyyət sabitdir, atəşkəs bərpa edilib və bu, müsbət hal kimi qiymətləndirilir. Belə olan halda, heç bir insidentlərin araşdırılması mexanizminin tətbiqinə ehtiyac qalmır. Yəni, o şərt də qəbul edilmədi".

Son xəbərlər

Orphus sistemi