Düşmənə təslim olmayaraq şəhid olan 7 kəşfiyyatçının anım mərasimi keçirilib

Düşmənə təslim olmayaraq şəhid olan 7 kəşfiyyatçının anım mərasimi keçirilib Tədbirdə jurnalist Teymur Zahidoğlunun hazırladığı 16 dəqiqəlik “Kəşfiyyatçılar” adlı sənədli filmi nümayiş etdirilib
Qarabağ
10 Aprel , 2017 11:27
Düşmənə təslim olmayaraq şəhid olan 7 kəşfiyyatçının anım mərasimi keçirilib

Bakı. 10 aprel. REPORT.AZ/ Düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan (1997-ci ildə) zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan Azərbaycan ordusunun 7 döyüşçüsünün ölümünün 20-ci ildönümüdür. 

"Report"un xəbərinə görə, aprelin 10-da şəhid kəşfiyyatçıların anım mərasimi keçirilib. 

İlk olaraq, II Fəxri xiyabanda kəşfiyyatçıların məzarları ziyarət edilib.

Daha sonra Müdafiə Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidlərin ailə üzvləri, Qarabağ döyüşçüləri, ziyalıların və QHT təmsilçilərinin iştirakı ilə tədbir keçirilib. 

Tədbirdə jurnalist Teymur Zahidoğlunun hazırladığı 16 dəqiqəlik “Kəşfiyyatçılar” adlı sənədli filmi nümayiş etdirilib. 

Qeyd edək ki, əsir düşməmək üçün özlərini partladan yeddi kəşfiyyatçımızın ölümündən 20 il ötür. Belə ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb, lakin ikinci qrupu bir erməni görüb. Bundan sonra döyüş başlayıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.

Üç gün ərzində cəsur kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun yeddi üzvü şəhid olub, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəsib. Ancaq mərhum Prezident Heydər Əliyevin apardığı danışıqlardan sonra Aqili dəyişmək mümkün olub. Yeddi şəhidimizin nəşi isə düşməndən alınaraq Bakıdakı II Şəhidlər xiyabanında dəfn edilir.

Son xəbərlər

Orphus sistemi