Yuxarı

​İvitsa Daçiç: "Ukrayna böhranı Dağlıq Qarabağ münaqişəsinin həllinə məhvedici təsir göstərir"

ATƏT-in fəaliyyətdə olan sədri BMT-də hesabat verib

Bakı. 25 fevral. REPORT.AZ/ "Ukrayna böhranı Dnestryanı və Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasına məhvedici təsir göstərir".

"Report" xəbər verir ki, bu bəyanatla BMT Təhlükəsizlik Şurasının üzvləri qarşısında hesabat verən ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç çıxış edib.

Diplomat qeyd edib ki, Avropa "soyuq müharibə" dövrünün təhlükəsizlik sahəsində ən ciddi çağırışları ilə üzləşib.

"Biz Ukrayna və onun ətrafındakı böhranın ATƏT-in gündəliyində duran digər məsələlər, xüsusilə də Moldova və Cənubi Qafqazdakı uzadılmış münaqişələrə məhvedici təsirinə göz yummamalıyıq", - deyə Daçiç bildirib.

O, Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatçılığını ifadə edib.

"Ötən il Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilən üç görüş dialoq üçün ümidverici səy nümayiş etdirdi. Lakin biz həmin vaxtdan vəziyyətin gərginləşməsinin və siyasi prosesin ləngiməsinin şahidi olduq", - deyə ATƏT sədri bildirib.

Diplomat ATƏT-in Minsk qrupu həmsədrlərinin yüksək səviyyədə görüşlərin təşkili və münaqişənin uzunmüddətli həllinə gətirib çıxaracaq yolların tapılması istiqamətində göstərdikləri səylərini dəstəklədiyini söyləyib.

Daçiç yaxın aylarda regiona səfər etmək və ölkə liderləri ilə görüşlər keçirmək niyyətində olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi